×
A
A
A
Sazlamalar

“Mədəniyyət naminə elm” layihəsi davam edir


Bakı, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 11-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Mədəniyyət naminə elm” layihəsi çərçivəsində növbəti elmi seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabxananın təşkilati dəstəyi ilə baş tutmuş seminar “Məhv olan abidələr – unudulmayan tarix” mövzusuna həsr olunub.
Tədbiri Mərkəzin elmi katibi Cavid Əliyev giriş sözü ilə açaraq seminarın əhəmiyyətindən, qarşıya qoyulan məqsədlərdən bəhs edib. O, həmçinin mədəniyyət siyasətinin aparılmasında Mədəniyyət Nazirliyinin böyük uğurlara imza atdığını söyləyib.
Çıxış edənlər xalqımızın milli-mənəvi sərvətinin, mədəni irsinin qorunması və təbliği ilə bağlı öz fikir və düşüncələrini bölüşüblər.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev bildirib ki, əgər mədəni irslə məşğul olan mütəxəssislər yerli sakinlərlə müvafiq iş aparsalar ölkəmizdə abidələrin qorunması və onların təbliği gələcək nəsil üçün bir örnək olar.
Sonra Mərkəzin əməkdaşları Hikmət Nəbili, Samirə Cəlilova “Mədəniyyətin qanuni aspektləri”, Elnur Hacıbabayev “Lahıc misgərlik sənəti” adlı məruzələrini təqdim ediblər.
Tədbir çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsi tələbələrinin əl işlərindən ibarət sərgi də təşkil olunub.

Mədəniyyət 2019-09-11 15:40:00