Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Nərgizava nekropolunda yeni tapıntılar - qədim ocaq yeri, saxsı qadın heykəlciyi, küp qəbirlər

Ağsu, 11 sentyabr, Adil Ağayev, AZƏRTAC
AMEA-nın müxbir üzvü Vəli Əliyevin rəhbərlik etdiyi Nərgizava ekspedisiyası 2019-cu ilin avqust-sentyabr aylarında Ağsu rayonunun Gəgəli kəndinin Yasamal adlı qobuluq ərazisində arxeoloji kəşfiyyat qazıntısı aparıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hələ keçən il Nərgizava nekropolunun yaşayış yerini müəyyən etmək məqsədilə Yasamal ərazisində 20 kvadratmetrlik sahədə kəşfiyyat qazıntısına başlanılmışdı. Ekspedisiyanın sona çatması ilə əlaqədar qazıntı yarımçıq qalmışdı. Odur ki, əvvəlcə həmin sahədə qazıntı davam etdirilib. Müəyyən olunub ki, mədəni təbəqə iki metr dərinlikdən üzə çıxır. Bu təbəqənin qalınlığı isə həmin sahədə iki metrə çatır. Saxsı qab sınıqları qarışıq gilli-küllü təbəqədə arabir çaydaşı və əhəng daşlarına rast gəlinsə də, hər hansı tikili qalığı üzə çıxmayıb. Aşkar olunan saxsı qab parçaları tədqiqat üçün götürülüb.
Həmin ərazidən 250 metr cənubda ikinci qazıntı sahəsi seçilib. Qobunun son illərdə sel sularının yuduğu sahil divarında mədəni təbəqənin izi görünürdü. Burada da saxsı qab sınıqları qarışıq gilli-küllü təbəqə üzə çıxıb. Bu təbəqədə də çaydaşı və əhəng daşlarına rast gəlinib. Tikili qalığı üzə çıxmasa da, ocaq yeri və bişmiş kərpic hissələri aşkarlanıb.
Ekspedisiya ərzində Yasamal qobusunun vadidə əmələ gətirdiyi dərənin iki kilometrlik hissəsi diqqətlə nəzərdən keçirilib. Maraqlıdır ki, həmin dərələr vadidə paralel olaraq çoxalır və yaşayış yerinin izlərini geniş ərazidə müşahidə etmək olur. Müşahidə zamanı sel sularının yuduğu divarda bir ədəd saxsı qadın heykəlciyi aşkar olunub. Digər antik dövr abidələrindən üzə çıxsa da, Nərgizavada bu tip saxsı heykəlciyə ilk dəfə rast gəlinir. Qadının uzun hörükləri, yastı burnu, yumru gözləri, boyunbağısı yapma üsulla təsvir edilib. Heykəlciyin alt hissəsində əsaya keçirmək üçün deşik açılıb. Görünür, bu heykəlcik dini ayinlərdə istifadə edilib.
Qazıntı sahələrindən bir kilometr cənubda Yasamal qobusunun qərb divarında yaşayış yerinin qalıqları izlənilib. Tikinti materialı kimi əhəngdaşı və çiy kərpicdən istifadə olunub. Təyinatı məlum olmayan tikilinin daxilində ocaq qalıqları da tapılıb. Ekspedisiya rəhbərliyi gələn il həmin sahədə tədqiqat aparmağı planlaşdırır.
Yaşayış yerindən şimalda küp qəbirlər nekropolunun olduğu müəyyən edilib. Hələ Oğuz-Qəbələ-Bakı su kəməri çəkilərkən həmin ərazidə küp qəbirlər üzə çıxsa da, arxeoloji baxımdan öyrənilməyib. Ekspedisiya üzvləri küp qəbirlərdən birini müəyyən edərək öyrənib. Yer səthindən iki metr dərinlikdə üzə çıxan qəbir küpü torpağın ağırlığından parçalansa da, qəbir avadanlığı salamat qalıb. Lakin təbii şəraitlə əlaqədar olaraq skelet çox çürüyüb. Sıx bükülü vəziyyətdə dəfn edilən mərhumun başı şimal-şərqə, ayaqları isə şimal-qərbə istiqamətlənib. Skeletin üzərindən bir ədəd qısa tiyəli bıçaq və iri əqiq muncuq götürülüb. Baş tərəfində bir ədəd kasa, ayaq tərəfində isə iki ədəd kasa və bir ədəd ağzı novçalı su qabı var. Qəbir küpünün ətrafında isə daha iri qablar qoyulub. Onlardan birinin içərisində kiçik su qabı da var.
Ekspedisiya Yasamal qobusu ərazisinin qədim Nərgizava abidəsinin bir hissəsi olduğunu, burada yaşayış yerinin və küp qəbirləri qəbiristanlığının mövcudluğunu üzə çıxarıb. İlkin tədqiqatlar həmin ərazidə yaşayışın antik və ilk orta əsrlərdə uzun müddət davam etdiyini göstərir.
Qeyd edək ki, Nərgizava abidəsi 1998-ci ildə tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli tərəfindən təsadüfən aşkarlanıb. F.Xəlilli AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində vurğulayıb ki, Yasamal qobusu ərazisi antik və ilk orta əsrlərə dair maddi-mədəni nümunələrlə zəngindir: “Tariximizin axtarılmaqda olan yer altındakı izləri bizlərə hələ çox məlumatlar verəcək”, - deyən tarixçi, bu ərazinin arxeoloji turizm baxımından maraq doğurduğunu söyləyib.

Regionlar 2019-09-11 15:31:00