×
A
A
A
Sazlamalar

Bakıda keçiriləcək dünya çempionatında Rusiya yığmasında gimnast Soldatovanı Seleznyova əvəz edəcək

Bakı, 11 sentyabr, AZƏRTAC

Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatına Aleksandra Soldatovanın əvəzinə Yekaterina Seleznyova gələcək.
AZƏRTAC Ümumrusiya Bədii Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Portimauda (Portuqaliyada liman şəhəri) Çağırış Kubokunun yekun mərhələsində Soldatova huşunu itirib və turnirdə iştirakını davam etdirə bilməyib. Bundan bir gün əvvəl çoxnövçülükdə qalib gəlmiş Soldatova ertəsi gün özünü yaxşı hiss etdiyini bildirib, lakin məşqçilər briqadası fərdi hərəkətlərdə Soldatovanın əvəzinə Seleznyovanın çıxış etməsini qərara alıb.
24 yaşlı Seleznyova dəfələrlə Rusiya çempionu, dünya kuboku mərhələlərinin, Qran-prilərin, Rusiya və beynəlxalq səviyyəli yarışların qalibi və mükafatçısı olub. O, beynəlxalq dərəcəli idman ustasıdır.
2019-cu ildə Neapolda keçirilən Universiadada Seleznyova çoxnövçülükdə halqa, top və lent ilə hərəkətlərdə dörd qızıl medal, gürz ilə hərəkətlərdə isə bürünc medal qazanıb.
Sentyabrın 16-dan 22-dək Bakıda keçiriləcək dünya çempionatında Rusiya yığmasının ilkin heyətinə Arina və Diana Averina bacıları da daxildir. Onlar Rusiyanı fərdi hərəkətlərdə təmsil edəcəklər.

İdman 2019-09-11 15:23:00