Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şotlandiya məhkəməsi Boris Consonun qərarını “qanunsuz və səmərəsiz” elan edib

Bakı, 11 sentyabr, AZƏRTAC 

Şotlandiyanın Ali Apellyasiya məhkəməsi Böyük Britaniyanın Baş Naziri Boris Consonun parlamentin fəaliyyətini beş həftəliyinə dayandırmaq barədə qərarını “qanunsuz və səmərəsiz” elan edib. Lord Doertinin sədrlik etdiyi məhkəmə iclasının qətnaməsi hakimlər tərəfindən yekdilliklə qəbul olunub.
AZƏRTAC SBS telekanalının saytına istinadla xəbər verir ki, məhkəmə qərarında qeyd olunur: “Cənab Consonun məqsədi parlament üzvlərini küncə sıxışdırmaq və fakt qarşısında qoymaqdır”. Hakim heyətinin fikrincə, Baş Nazirin qanunazidd qərarının “səmərəsiz nəticələri ola bilər”. Eyni zamanda, hakimlər parlamentin fəaliyyətinin dayandırılması ilə bağlı onun Kraliçaya məsləhət vermək səlahiyyətinin olmadığını da təsbit ediblər.
Məhkəmənin sədri lord Doerti “Sky News” telekanalında müsahibəsində deyib ki, Boris Consonun bu addımı “parlamenti susdurmaq taktikasıdır”.
Şotlandiya Milli Partiyasının vəkili Coanna Çerri məhkəmə qərarından sonra parlamenti təcili iclas keçirməyə çağırıb.
Baş Nazirin ofisindən məhkəmə qərarı ilə bağlı heç bir açıqlama verilməyib. London Apellyasiya məhkəməsi isə ötən cümə günü “sərt” Brexit əleyhdarlarının iddiasına baxmağı rədd etmişdi.

Dünya 2019-09-11 15:02:00