Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Macarıstan iqtisadiyyatının göstəriciləri ürəkaçandır

Budapeşt, 11 sentyabr, AZƏRTAC

Macarıstan Statistika İdarəsi (KSH) 2019-cu ilin ikinci rübünün yekunlarına əsasən ölkə iqtisadiyyatında vəziyyət haqqında məlumatları açıqlayıb.
AZƏRTAC KSH-ın məruzəsinə istinadla xəbər verir ki, ölkədə illik ÜDM artımı 4,9 faiz, mövsümi və təqvim dəyişiklikləri nəzərə alınmaqla - 5,1 faiz olub (analitiklər əvvəlcə artımın 4,6 faiz olacağını proqnozlaşdırırdı). Bu göstəricilər üzrə Macarıstan iqtisadiyyatı Avropa İttifaqında birinci yeri tutur. İkinci yerdə Rumıniya gedir, keçən il orada ÜDM artımı 4,6 faiz olub. 2019-cu ilin birinci rübü ilə müqayisədə ikinci rübündə Macarıstan iqtisadiyyatında 1,1 faiz artım qeydə alınıb. Burada artım sürətinə görə Macarıstan birinci yeri tutur. KSH qeyd edir ki, bu müvəffəqiyyət əsasən sənayenin, inşaat sahəsinin və bazar xidmətlərinin (riteyl, xidmət, mehmanxana biznesi və s.) artması sayəsində qazanılıb.
Ekspertlər güman edirlər ki, Macarıstan iqtisadiyyatı artımın ən yüksək mərhələsini keçib, amma ləngimə kifayət qədər davamlı olacaq – bütövlükdə 2019-cu il üzrə ÜDM artımı 4,5 faiz təşkil edə bilər. Ləngimə Avropa İttifaqında əlverişsiz iqtisadi şəraitlə bağlıdır, ancaq bu neqativ amil Macarıstanda pozitiv biznes-iqlimlə tənzimlənir. Daxili amillər sayəsində iqtisadi artım 4,5-4,9 faiz həddində qalacaq.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2019-09-11 14:51:00