×
A
A
A
Sazlamalar

“Apple” şirkəti yeni “iPhone”, “Apple Watch” və “iPad” modellərini təqdim edib

Vaşinqton, 11 sentyabr, AZƏRTAC

“Apple” şirkəti yeni smartfon, saat və planşet modellərinin təqdimatını keçirib. Çoxdan gözlənilən təqdimatda personal və planşet kompüterləri və telefonların istehsalçısı “iPhone 11”in üç yeni növünü, “Apple Watch” saatlarının təkmilləşdirilmiş modelini, 10,2 düymlü “iPad” planşetinin yeni modelini, həmçinin televiziya və oyun üçün iki abunə xidmətini nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, qiymətinə görə ən əlçatan olan “iPhone 11” modeli populyar “iPhone XR”i əvəz edəcək. “A13 Bionic” yeni prosessorlu “iPhone 11”in 6,1 düym diaqonallı və ayırdetmə qabiliyyəti 1792x828 pikselli displeyi olacaq. Şirkətin rəhbəri Tim Kuk bildirib ki, yeni model “iPhone XR”ə nisbətən 1 saat daha çox işləyə biləcək. Yeni model sensorlu iki arxa kameraya malikdir. İstehsalçı, həmçinin istifadəçilərə təkmilləşdirilmiş portret rejimini təqdim edib. İndi hətta heyvanların çəkilişi zamanı belə arxa fonu silmək mümkün olacaq. ABŞ mağazalarında telefonun dəyəri 699 dollar nəzərdə tutulub.
“iPhone 11 Pro” modeli “iPhone XS” modelini əvəz edəcək. “A13 Bionic” prosessorlu telefon 5,8 düym diaqonallı, ayırdetmə qabiliyyəti 2346x1125 pikselli və parlaqlıq göstəricisi 1200 nitə bərabər displeyə malikdir. Bu model üç arxa kamera ilə təchiz olunub ki, bu da özlüyündə yenilikdir. Şirkət rəhbərliyi təsdiqləyir ki, “iPhone 11 Pro” “iPhone XS”lə müqayisədə 4 saat çox işləyə bilər. ABŞ mağazalarında bu telefonun dəyəri 999 dollar olacaq. 6,5 düym diaqonallı, ayırdetmə qabiliyyəti 2688x1242 pikselli “Super Retina XDR” OLED-matrisalı displeyə malik “iPhone 11 Pro Max” modeli isə “iPhone XS Max”ı əvəz edəcək. Yeni telefon “iPhone XS Max”a nisbətən 5 saat çox işləyəcək. ABŞ mağazalarında telefonun dəyəri 1099 dollara bərabər olacaq.
“Apple Watch Series 5”in optimallaşdırılmış modeli olan 10,2 düym ekranlı yeni “iPad” planşeti ilə yanaşı, “Apple” şirkəti “Apple Arcade” abunə oyun xidməti barədə də elan edib, həmçinin “Netflix” və “Amazon Prime Video” kimi striminq şirkətlərinə meydan oxuyub. “Apple” şirkəti”nin “TV Plus” adlı xidməti bu payız bütün ailə üçün cəmi 5 dollara əlçatan olacaq.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

İKT 2019-09-11 13:58:00