×
A
A
A
Sazlamalar

Gənclər sülhə səsləyir: yeni müharibələrin qarşısını almaq üçün birləşmək lazımdır

Bərdə, 11 sentyabr, AZƏRTAC

Bərdə regional “ASAN xidmət” mərkəzində “Sülh aylığı” çərçivəsində "Gənclər sülhə səsləyir” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının və “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə könüllü gənclər iştirak ediblər.
Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllülər üzrə məsul şəxsi Şamxal Yaqubov çıxışında hər il Beynəlxalq Sülh Günü ərəfəsində - avqustun 21-dən sentyabrın 21-dək respublikamızda “Sülh aylığı” elan edildiyini diqqətə çatdırıb, sülhün ölkəmiz üçün əhəmiyyətindən, Azərbaycan həqiqətlərinin sülhsevər ölkələrə çatdırılmasında gənclərin rolundan danışıb.
Bərdə Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Fidan Nəsirli bildirib ki, sülh, əmin-amanlıq insan hüquqlarının təmin olunmasında əsas rol oynayır. Buna görə də gənclər daim sülh şəraitində yaşamalı və sülhü təbliğ etməlidir.
YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Məmmədov qeyd edib ki, bu gün dünyada yüz milyonlarla insanın böyük ümid, arzularla təkrar etdiyi sülh adlı müqəddəs bir dəyər vardır. İnsanlar sülhü qorumaq, yeni müharibələrin qarşısını almaq üçün birləşməlidir. Azərbaycanın dünyada ən tolerant, sülhsevər ölkələrdən olduğunu deyən E.Məmmədov ölkəmizdə olan sabitliyin, sülh və əmin-amanlığın, sosial-iqtisadi inkişafın ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsi olduğunu vurğulayıb.
Tədbirdə digər çıxış edənlər müharibənin fəsadlarından, insanlara vurduğu mənəvi, psixoloji zərbədən, Azərbaycan xalqının tarixən sülhsevər xalq olmasından danışıb, ölkəmizdə keçirilən “Sülh aylığı”nın əhəmiyyətini yüksək qiymətləndiriblər.

Regionlar 2019-09-11 13:51:00