Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Neftçalada səkkiz ayda süni mayalanma yolu ilə 2155 baş buzov alınıb

Neftçala, 11 sentyabr, Mahir Babayev, AZƏRTAC

Neftçalada aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində, heyvandarlıq məhsulları istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafı üçün bu yoldan geniş istifadə etməyə marağı daha da artırıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda 9 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və bu ilin 8 ayında ötən il mayalanma aparılmış 3035 baş inək və düyədən 2155 baş buzov alınıb. Doğulan buzovlara görə, maldarlara, ümumilikdə, 215 min 500 manat subsidiya ödənilib.

 

Kənd təsərrüfatı 2019-09-11 13:42:00