×
A
A
A
Sazlamalar

Azərbaycan Britaniya Kollecində yeni tədris ili başlanıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Azərbaycan Britaniya Kollecində (Azerbaijan British College - ABC) yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev pedaqoji kollektivi və şagirdləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
Qeyd edilib ki, SOCAR tərəfindən təsis edilən təhsil kompleksinin infrastrukturu bu il daha da genişləndirilib və müasir texnologiyalarla təchiz olunub.
Sonra kollecin direktoru Yan Katçon rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti və əldə olunan nailiyyətlərdən danışıb. O, kollecin məzunlarının dünyanın aparıcı universitetlərində təhsil aldığını diqqətə çatdırıb. Təhsil kompleksində tətbiq olunan yeniliklərdən danışan direktor qeyd edib ki, bu il ilk dəfə olaraq 10-cu sinif şagirdlərinə təsviri incəsənət, musiqi, alman dili, qlobal perspektivlər fənləri tədris olunacaq. Şagirdlərin maraq və tələbatlarını ödəyən bu fənlər onların istedad və bacarıqlarını üzə çıxaracaq.
Tədbirdə SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov, Milli Məclisin deputatı Hüseynbala Mirələmov və digər çıxış edənlər bu əlamətdar gün münasibətilə şagirdləri təbrik edib, onların layiqli vətəndaş kimi formalaşmasında təhsil müəssisələrinin müstəsna rolunu vurğulayıblar.

Elm və təhsil 2019-09-11 13:40:00