×
A
A
A
Sazlamalar

Azərbaycanlı alim Malayziyada beynəlxalq mükafata layiq görülüb

Kuala-Lumpur, 11 sentyabr, AZƏRTAC

Malayziyada fəaliyyət göstərən İƏT Beynəlxalq Biznes Mərkəzi tərəfindən təşkil olunmuş IX “Muslim World Biz 2019” sərgi və konfransı çərçivəsində II “Rania” mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Müsəlman Dünyası “Rania” Mükafatı İslam ölkələrində xüsusilə biznes, ictimai-mədəni, elm-təhsil və digər sahələrdə cəmiyyətə bir sıra töhfələr verən və ictimai xidmətləri ilə seçilən qadınlara təqdim olunur.
Fərqli nominasiyalar üzrə nəzərdə tutulan builki mükafatlar yeddi ölkəni - Malayziya, Azərbaycan, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, İran və Hindistanı təmsil edən 12 xanıma verilib.
Azərbaycan üzrə “Rania” beynəlxalq mükafatı Azərbaycan Tibb Universitetinin Klinik allerqologiya və immunologiya kafedrasının müdiri, tibb elmləri doktoru, Əməkdar həkim, Bakı şəhərinin baş allerqoloqu, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb üzrə eksperti, Avropa Allerqoloq və Klinik İmmunoloqlar Akademiyasının üzvü, Avropa Respirator Cəmiyyətinin qızıl üzvü, Dünya Allerqoloqlar Təşkilatının üzvü, Kanada İmmunologiya Cəmiyyətinin üzvü, Azərbaycan Klinik Allerqologiya və İmmunologiya elmi-praktik jurnalının təsisçisi və baş redaktoru professor Lalə Allahverdiyevaya təqdim olunub.
Təntənəli təqdimetmə mərasimində əvvəlcə professor Lalə Allahverdiyevanın elmi fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib. Qeyd olunub ki, tibb elmləri doktoru, professor Lalə Allahverdiyeva allerqologiya və immunologiya sahələri üzrə bir sıra nailiyyətlərə imza atıb. Onun elmi fəaliyyəti yalnız Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da yüksək qiymətləndirilib.
Sonra mükafatların təqdim olunması mərasimi keçirilib.
Təqdimat mərasimindən sonra professor Lalə Allahverdiyeva yerli media nümayəndələrinə müsahibə verib. Qadınların cəmiyyətdə rolu barədə danışan Lalə Allahverdiyeva, Şərqdə ilk dəfə qadına seçki hüququ verən ölkə olaraq Azərbaycanda bu gün qadınların bütün sahələrdə fəal təmsil olunduqlarını və uğur qazandıqlarını bildirib. Lalə Allahverdiyeva “Rania” mükafatı ilə təltif edilməsinə görə İƏT Beynəlxalq Biznes Mərkəzinə minnətdarlığını bildirib.
Tədbirdə əsas qonaq qismində Birləşmiş Ərəb Əmirliklərinin Şarcə şəhərinin hakim ailəsinin üzvü, “BPW-Emirates” biznes klubunun sədri xanım Şeyx Hind Bint Abdulaziz iştirak edib, mükafat sahiblərinə təbriklərini çatdırıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala-Lumpur

Elm və təhsil 2019-09-11 12:51:00