Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şinzo Abe Yaponiya Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırıb

Tokio, 11 sentyabr, AZƏRTAC 

Şinzo Abe Yaponiya Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa sentaybrın 11-də keçirilən mətbuat konfransı zamanı məlumat verib.
Qeyd edək ki, yeni hökumətdə Baş Nazir Şinzo Abeyə daha yaxın olan iki siyasətçi öz vəzifələrində qalıb. Bunlar Baş Nazirin müavini və Maliyyə naziri Taro Aso və Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqadır.
Hökumətin iki üzvü Yaponiyada deyildiyi kimi, “üfüqi şəkildə” yerlərini dəyişiblər. Xarici İşlər naziri Taro Kono Müdafiə naziri, İqtisadiyyatın Bərpası naziri Toşimitsu Moteqi isə Xarici İşlər naziri vəzifələrini tutublar.
Əvvəllər Nazirlər Kabinetində nazir vəzifələri tutmuş daha iki nəfər yenidən hökumətin tərkibinə qaytarılıb: Səhiyyə, Əmək və Sosial Təminat naziri Katsunobu Kato və Ümummilli Məsələlər naziri Sanae Takaiçi.
Bundan əlavə, 13 nəfərin ilk dəfə kabinetdə yer aldığı bildirilir: Təhsil və Elm naziri Koiçi Haqiuda, Milli Torpaqlar və Nəqliyyat naziri Kazuyoşi Akaba, Olimpiya və Paralimpiya Oyunları naziri Seyko Haşimoto, İqtisadiyyat, Sənaye və Ticarət naziri İssyu Suqavara, İqtisadiyyatın Bərpası naziri Yasutoşi Hişimura, Əhalinin yüz milyondan çox həddində saxlanması, həmçinin Okinava və Şimal torpaqları naziri Seyiçi Eto, Ədliyyə naziri Katsuyuki Kavai, Təbii Fəlakətlərdən Sonra Bərpa naziri Kazunori Tanaka, İctimai Təhlükəsizlik Komitəsinin rəhbəri Ryoça Takeda, Elmi İşlər və Texnologiyalar naziri Naokazu Takemoto, Regionlar naziri Seyqi Kitamura, Ətraf Mühitin Mühafizəsi naziri Şinciro Koizumi.
Hökumətdən kənar hesab edilən Təhlükəsizlik Şurasının sədri vəzifəsinə əvvəllər kəşfiyyat və təhqiqatlar naziri olmuş Siqeru Kiçamura təyin edilib.
Hökumətin tərkibi sentyabrın 11-də axşam keçiriləcək mərasimdə İmperator tərəfindən təsdiq edildikdən sonra rəsmi olaraq formalaşmış hesab ediləcək.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-09-11 12:14:00