×
A
A
A
Sazlamalar

Muxtar respublikada uşaqların təhsil hüquqlarının təmin olunması diqqətdə saxlanılır

Naxçıvan, 11 sentyabr, AZƏRTAC
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq və gənclər siyasəti bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Bütün kateqoriyadan olan uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 2018-2019-cu tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə daxil olan xüsusi qayğıya ehtiyacı olan tələbələrlə keçirilən görüşdə səsləndirilib. Görüşdə 2018-2019-cu tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə daxil olan sağlamlıq imkanları məhdud, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş tələbələr, valideynlər və himayəçilər iştirak ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirdə çıxış edərək bildirib ki, muxtar respublikada uşaqların bütün hüquqları ilə yanaşı, təhsil hüquqlarının da təmin olunması diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. Onların sağlamlıqlarının qorunması, təhsil almaları, asudə vaxtlarının səmərəli təşkili istiqamətində bir sıra işlər görülür.
Komitə sədri deyib: Tələbə olduqları zaman da onlar dövlətimizin davamlı qayğısı ilə daim əhatə olunur və bu qayğı qanunvericiliklə tənzimlənir. Bunun bariz nümunəsi olaraq istər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, istərsə də sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqların təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 may tarixli “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” Sərəncamına əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan müvafiq kateqoriyadan olan şəxslərin təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019-2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Qeyd edilib ki, həmçinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər, dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
“Hazırda muxtar respublika əhalisinin 35,79 faizini uşaqlar təşkil edir. Bunlardan 113-ü valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, 1847-si sağlamlıq imkanları məhdud uşaqlardır. 2019-cu ildə 1515 uşaq ali təhsil müəssisələrinə qəbul olub ki, bunlardan 18-i sağlamlıq imkanları məhdud, 4-ü valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardır”, – deyən Ramilə Seyidova vurğulayıb ki, bu il qəbul imtahanlarında 281 uşaq 500-700 arası bal toplayıb. Bunlardan 3-ü sağlamlıq imkanları məhdud uşaqlardır. Bu il orta ixtisas təhsili müəssisələrinə qəbul olanlardan 5-i isə bu kateqoriyadan olanlardır.
Ramilə Seyidova muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonra tələbə adını qazanmış Şərur rayon Tumaslı kənd tam orta məktəbinin məzunu Rasim Axundov çıxış edərək, onlara göstərilən diqqət və qayğıdan danışıb.
Tələbələr, valideynlər və himayəçilər göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildirib.
Tədbirin sonunda xüsusi qayğıya ehtiyacı olan tələbələrə hədiyyələr verilib.

Regionlar 2019-09-11 11:19:00