Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Özbəkistanın nargis.uz portalında “Arşın mal alan” operettası haqqında məqalə verilib

Daşkənd, 11 sentyabr, AZƏRTAC

Özbəkistanın nargis.uz portalında rus dilində “Arşın mal alan: müsəlman Şərqində birinci operettanın tarixi” sərlövhəli məqalə verilib.
AZƏRTAC məqaləyə istinadla xəbər verir ki, 2013-cü ildə UNESKO Baş konfransının qərarı ilə dünyanın ən populyar musiqi əsərlərindən biri, müsəlman Şərqinin ilk operettası olan böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin 100 illiyi bütün dünyada qeyd olunub.
Materialda qeyd edilir ki, böyük bəstəkar bu əsəri Bakıda yazmağa başlayıb və 1913-cü ilin yayında Sankt-Peterburqda tələbə olarkən başa çatdırıb.
Yazıda əsərim mövzusu haqqında da danışılır, bildirilir ki, bu əsərdə Azərbaycan xalq mahnılarının motivlərindən də geniş istifadə edilib.
Qeyd edilir ki, 1913-cü il oktyabrın 25-də Bakıda əsərin uğurlu təqdimatından sonra tamaşa Qafqaz ölkələri, Rusiya, sonra isə bütün dünyanın səhnələrinə ayaq açır.
Bildirilir ki, 1915-ci ildə Tiflisdə tamaşa ilə bağlı maraqlı rekord qeydə alınıb. Belə ki, əsər bir gündə altı səhnədə altı dildə-Azərbaycan, gürcü, rus, aysor, ivrit və erməni dillərində tamaşaya qoyulub.
Məqalədə ermənilərin “Arşın mal alan” əsərini özününküləşdirməsi haqqında da söhbət açılır.
Yazıda xüsusi olaraq qeyd edilir ki, 1945-ci ildə Bakıda “Arşın mal alan” filmi də çəkilir və dünyanın 80 dilinə dublyaj olunur, 150-dən artıq ölkədə göstərilir.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Mədəniyyət 2019-09-11 10:50:00