Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ekspert: Pambıqçılıqda məhsuldarlığın yüksəldilməsi hesabına istehsalı artırmaq iqtisadi cəhətdən daha səmərəlidir

Yeddi ayda pambıq mahlıcı və iplik ixracı 75 faiz artaraq 100 milyon ABŞ dollarına çatıb

Bakı, 11 sentyabr, AZƏRTAC
Artıq bir necə gündür bəzi pambıqçılıq rayonlarında əl ilə pambıq yığımına başlanılıb və yaxın günlərdən etibarən kombayınlar vasitəsi ilə kütləvi yığım prosesinə start veriləcək.
“Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov bu günlərdə keçirdiyi mətbuat konfransında bildirib ki, hazırda Cəmiyyətin rayon bölmələrinin istifadəsində olan pambıqyığan kombaynlar yığıma hazırlanır. Belə ki, növbəti həftədən etibarən “Aqrolizinq” ASC-nin rayon bölmələrinin istifadəsində olan müasir tipli 123 kombayn vasitəsi ilə yığım həyata keçiriləcək. Eyni zamanda, pambıqçılıq sahəsində fəaliyyət göstərən iri şirkətlər tərəfindən də 288 pambıqyığan kombayn yığıma cəlb olunacaq: “Hesab edirik ki, hazırda istifadədə olan 411 kombayn vasitəsi ilə 100 min hektardan çox olan pambıq sahəsində yığımın təşkil olunmasında heç bir çətinlik yaşanmayacaq. Qeyd edim ki, cari ildə Azərbaycanda 21 rayonda 100 min 112 hektar sahədə pambıq əkini həyata keçirilib. Bunun 96 min 241 hektarı hüquqi şəxslərə, 3 min 871 hektarı fiziki şəxslərə məxsusdur”.
Ekspert Cəfər İbrahimli AZƏRTAC-a açıqlamasında bu sahənin ixracda, eləcə də qeyri-neft sektorunun inkişafında oynadığı önəmli roldan danışıb.
Onun sözlərinə görə, cari ildə pambıq sahələrinin azalmasına baxmayaraq, bu il məhsuldarlığın artırılması hesabına ən az 2018-ci ildəki qədər məhsul tədarük edilməsi gözlənilir: “Əslində əkin ərazilərinin artırılması ilə deyil, məhsuldarlığın yüksəldilməsi hesabına istehsal həcmini artırmaq iqtisadi cəhətdən daha səmərəlidir. Son illərdə məhsuldarlığa paralel olaraq ümumi istehsal həcminin artması fonunda mahlıc və pambıq ipliyinin ixracında artım müşahidə edilib. Belə ki, 2019-cu ilin ilk 7 ayı ərzində ixrac məhsulları arasında təminən 100 milyon ABŞ dolları həcmində pambıq mahlıcı və iplik ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 75 faiz artım deməkdir. Ümumilikdə, pambıq və iplik qeyri-neft məhsulları arasında ixrac həcminə görə 3-cü sırada qərarlaşıb və bu qrup malların ümumi ixracının təxminən 10 faizini təşkil edir. Ən böyük ixracatçı şirkətlərin sıralanmasına nəzər salsaq, pambıq tədarükü ilə məşğul olan əksər şirkətlərin adı ilk onluğa daxil olub. Ən böyük ticarət tərəfdaşlarımız olan Türkiyə və Rusiyanın pambıq mahlıcına tələbini nəzərə alsaq, ölkəmiz daha böyük həcmdə ixrac potensialına malikdir”.
Ekspert qeyd edib ki, pambıqçılığın inkişafı yüngül sənaye müəssisələrinin fəaliyyətinin bərpasına və yenilərinin yaradılmasına səbəb olacaq. Nəticədə isə daxili bazarın bu mallara olan təlabatı yerli istehsal hesabına qarşılanacaq, idxal azalacaq.

Kənd təsərrüfatı 2019-09-11 10:36:00