×
A
A
A
Sazlamalar

Peşə təhsili müəssisələrinə qəbulla bağlı Apelyasiya Komissiyası fəaliyyətə başlayıb

Bakı, 11 sentyabr, AZƏRTAC 

Bu gün Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrinə qəbul və onun nəticələri ilə əlaqədar yaranan problemlərin həlli məqsədilə yaradılan Apelyasiya Komissiyası fəaliyyətə başlayıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Apelyasiya Komissiyası 18 nömrəli Bakı Peşə Liseyində (ünvan: Binəqədi rayonu, Heydər Hüseynov küçəsi, 17A ) təşkil edilib. Vətəndaşlar komissiyaya sentyabrın 13-dək saat 10:00-18:00 arasında şəxsiyyəti təsdiqləyən sənədin əslini və təhsil haqqında sənədi təqdim etməklə müraciət edə bilərlər.
Xatırladaq ki, peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada aparılıb. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə keçirilib. Əlil şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu müsabiqədənkənar aparılıb.
Qəbul iki mərhələdən ibarət olub. Birinci mərhələ avqustun 5-dən 20-dək davam edib. Bu müddət ərzində 11 min namizədin müraciəti qeydə alınıb, namizədlərdən 8 min 808 nəfəri qəbul olunub. İkinci mərhələdə - avqustun 28-dən sentyabrın 5-dək 5 min 500 nəfər qeydiyyatdan keçib, onlardan 3 min 754-ü müsabiqədə uğur qazanıb.

Elm və təhsil 2019-09-11 10:25:00