×
A
A
A
Sazlamalar

Azərbaycan ilə İsveç arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Moskva, 11 sentyabr, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu İsveç Krallığının Rusiyaya yeni təyin olunmuş səfiri xanım Malena Mard ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Polad Bülbüloğlu həmkarına Rusiyada akkreditə olunmuş diplomatik korpusun duayeni qismində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib.
Görüşdə Azərbaycan ilə İsveç arasında ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinin, iki ölkənin mövcud potensialından tam şəkildə istifadə olunmasının vacibliyi vurğulanıb.
Polad Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, hazırkı durumu barədə ətraflı söhbət açaraq, bir milyondan artıq həmvətənimizin doğma yurd-yuvalarından məcburi köçkün və qaçqın düşməsinə səbəb olmuş işğal faktının hələ də davam etdiyini bildirib, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinin regionda sülhün və sabitliyin bərqərar olmasına bilavasitə təsir edəcəyini söyləyib. Azərbaycan səfiri mövcud status-kvonun qəbuledilməz olduğunu vurğulayaraq, Azərbaycanın üzləşdiyi problemin bilavasitə separatçılıqla bağlı olduğunu, Avropanın bir sıra ölkələrinin də qarşılaşdığı bu kimi təhdidlərdən heç bir dövlətin sığortalanmadığını və belə çağırışlarla mübarizədə bütün dövlətlərin səylərinin birləşdirilməsinin vacibliyini önə çəkib.
Səfir Ermənistanın hazırkı rəhbərliyinin separatçılığı təşviq edən, sülh prosesinə xələl gətirən, ölkəsinin Azərbaycana qarşı 30 ildən artıq apardığı işğalçı siyasətinə və ərazi iddiasına bəraət qazandıran bəyanatlarla çıxış etməsi və dünya birliyi tərəfindən bu cür təxribat xarakterli addımlara hüquqi qiymətin verilməməsinin beynəlxalq səviyyədə cəzasızlığın baş qaldırmasına təkan verdiyini söyləyib.
Görüş əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Siyasət 2019-09-11 05:25:00