İndoneziyada kəməri göbələklərdən düzəldilən saat hazırlanıb
Tokio, 10 sentyabr, AZƏRTAC
İndoneziya şirkəti kəməri göbələkdən, korpusu ağacdan düzəldilmiş ekoloji təmiz saat hazırlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti məlumat yayıb.
Layihənin müəllifi olan “Mycotech” şirkətinin nümayəndəsinin sözlərini sitat gətirən qəzet yazır: “Biz dünyada ilk dəfə olaraq ekoloji təmiz saat hazırlamışıq. Onun istehsalı zamanı istifadə edilən bütün məhsullar - yalnız saatın mexanizmi çıxılmaqla - təbiətdə çox asanlıqla parçalanır”.
Saatın kəməri kənd təsərrüfatı tullantılardan və göbələyin tel şəkilli köklərindən hazırlanıb.
Qəzetin yazdığına görə, ənənəvi dəri kəmərlərin hazırlanması zamanı insan orqanizmi üçün təhlükəli kimyəvi maddələrdən və rənglərdən istifadə edilir. İstehsal prosesində istifadə olunan su sonradan çaylara və digər su mənbələrinə axıdılır. Bundan əlavə, dəri istehsalı üçün nəzərdə tutulan mal-qara çoxlu miqdarda parnik qazları yaradır. Təklif olunan yeni innovasiyalı texnologiya bu çatışmazlıqlardan uzaqdır və ətraf mühit üçün təhlükəli deyil.
Bu texnologiyanın daha bir üstün cəhəti işin sürətidir. İstehsal üçün lazım olan göbələklərin yetişdirilməsinə cəmi beş gün vaxt lazımdır.
Bundan əlavə, həmin İndoneziya şirkəti həmin texnologiya vasitəsilə kənd təsərrüfatı tullantılarından tikinti blokları, lövhələr və mebel sənayesində istifadə edilən materiallar hazırlayır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib