×
A
A
A
Sazlamalar

Bakı Fond Birjası Beynəlxalq Birjalar Assosiasiyasının üzvlüyünə qəbul edilib

Bakı, 10 sentyabr, AZƏRTAC

Beynəlxalq Birjalar Assosiasiyasının üzvlərinin Qırğızıstanda keçirilən ümumi yığıncağının qərarı ilə Bakı Fond Birjası (BFB) bu assosiasiyaya üzv qəbul olunub.
BFB-dən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Birjalar Assosiasiyasında üzvlük Bakı Fond Birjasının inkişaf perspektivlərində bir sıra yeni imkanlar yaradır. Birjalararası əməkdaşlıq xüsusilə dual-listinq və depozitar qəbzlərinin emissiyasının həyata keçirilməsi üzrə başlıca şərtdir. Bununla belə, tətbiq edilən mövcud təcrübələrin və ticarət üsullarının optimallaşdırılması üzrə birjalararası təcrübə mübadiləsinin aparılması yerli bazarların təkmilləşdirilməsi üçün labüd addım hesab edilir.
2000-ci ildə Rusiyada yaradılmış Beynəlxalq Birjalar Assosiasiyasının əsas məqsədi kapital bazarları üzrə beynəlxalq standartların araşdırılması, üzvləri arasında təcrübələrin qarşılıqlı tətbiq edilməsi və birjalararası ümumi əməkdaşlığın genişləndirilməsidir. Assosiasiyada 3 birja növü – valyuta, səhm və əmtəə birjaları üzrə daimi işçi qrupu mövcuddur. Assosiasiyanın üzvləri qismində başlıca olaraq MDB ölkələrini təmsil edən birjalar çıxış edir.

 

Maliyyə 2019-09-10 18:20:00