×
A
A
A
Sazlamalar

Azərbaycan səfiri diplomatlar adından Malayziyanın Ali Başçısını doğum günü münasibətilə təbrik edib

Kuala Lumpur, 10 sentyabr, AZƏRTAC 

Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibn Hacı Əhməd Şah əl-Mustain Billahın doğum günü münasibətilə dövlət sarayında rəsmi mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə dövlət və hökumət rəsmiləri, ölkə ştatlarının sultanları, parlamentin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər. Bu, XVI Ali Başçının cari il iyulun 30-da andiçmə mərasimindən sonra təşkil olunan ilk rəsmi tədbirdir.
Tədbirdə Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev diplomatik korpusun adından təbrik nitqi ilə çıxış edib. O, Malayziyanın XVI Ali Başçısına ölkədəki diplomatik korpusun təbriklərini və xoş arzularını çatdırıb. Səfir vurğulayıb ki, diplomatik heyət Əlahəzrətin rəhbərliyi altında Malayziyanın mövqelərinin möhkəmlənməsinin şahidi olub. “Malayziyada gedən siyasi və sosial hadisələri izləyən imtiyazlı müşahidəçilər kimi biz məmnunluq hissi ilə Malayziyanın yalnız regionda deyil, həmçinin beynəlxalq aləmdə də mühüm rol oynamaqda davam etdiyini qeyd edirik. Təbii ki, xalqın rifah halının yüksəlməsi Əlahəzrətin rəhbərlik etdiyi hökumətin hazırladığı proqramların əsasını təşkil edir və Malayziya xalqının çiçəklənməsinə və azad inkişafına istiqamətlənib”.
Səfir, həmçinin qeyd edib ki, ötən il keçirilən uğurlu ümumi seçkilər və hakimiyyətin sülh yolu ilə nümunəvi şəkildə ötürülməsi Malayziya xalqının möhkəm iradəsini və demokratik dəyərlərə sadiqliyini bir daha təsdiq edib.
Diplomatın çıxışı Malayziyanın bir sıra agentlik və qəzetlərində yayılıb.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kula Lumpur

Siyasət 2019-09-10 18:01:00