×
A
A
A
Sazlamalar

Qırışlara qarşı mübarizə formaları

Bakı, 10 sentyabr, AZƏRTAC

Dəri yaşanmış həyatın izlərini özündə əks etdirir. Körpə vaxtı dəri yumşaq, hamar və ləkəsiz olur, zaman keçdikcə dəridə quruluq, bəzi yerlərdə həddindən artıq məsamələr, bəzən qırışlar, bəzən də qəhvəyi və qırmızı ləkələr meydana gəlir. Uzun sürən xəstəliklər, sızanaqlar, hamiləlik, günəş şüaları və mimikalar da dəridə iz qoyur.
Bu barədə AZƏRTAC-a məlumat verən Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: “Dəridə bağ toxuması var, onu kollagen və elastin adlandırılan zülallar meydana gətirir. Hansısa səbəbdən həmin toxumalarda meydana gələn zəifləmədən sonra dəri gərginlik və elastikliyini itirir, qırışlar meydana gəlir. Üz əzələlərinin tez-tez hərəkəti və mimikalar dəridə qırış əmələ gəlməsinin başlıca səbəblərindən sayılır. Alnı çatarkən, gözü qıyarkən sıxılan əzələlər dəfələrlə təkrar edildiyi üçün dərinin bağ toxumasında ərimə meydana gəlir. Çox siqaret çəkənlərdə dodaq ətrafında yaranan şaquli xətlər də dodaqların büzülməsinə, davamlı olaraq eyni mövqedə üzü üstə və yan tərəfi üstə yatmaq da qırışların yaranmasına səbəb olur.
Günəş şüaları dəri altındakı bağ toxumasını, yəni kollageni dağıdan fermentlərin işini artırır. Günəş şüaları altında çox qalanda kollagen fermentləri sürətlə dağılmağa başlayır, dəridə qırışlar meydana gəlir, qəhvəyi ləkələr artır.
Göz ətrafı qırışların əsas səbəbi göz hissəsini çox hərəkət etdirmə və göz ətrafını qaşımadan ibarətdir. Bunların nəticəsində onsuz da daha incə olan göz ətrafında qırışlar sürətlə inkişaf edir. İşığa həssas olanlar gözlərini çox qıydıqları üçün göz ətrafında qırışlar çox olur. Müxtəlif allergik səbəblər, xüsusilə qorxu allergiyası və göz ətrafının tez-tez qaşınması alt göz qapağında qırışlara səbəb olur.
Bioloji yaş artdıqca kollagen və elastin istehsalının sürəti azalır. Qadınlarda menopauza dövründə estrogen azaldıqca bağ toxuması istehsalı da azalır, qırış artır. Hormonal xəstəliklər və həddindən artıq kökəlmək dəri altındakı bağ toxumasının quruluşunu pozur.
Qırışların qarşısının alınması üçün müxtəlif üsullar var, üz və çənə dərisini təkcə zahirən deyil, həm də daxilən qorumaq lazımdır. Dərinin uzun illər gənc və təravətli qalmasına kömək edən müxtəlif təbii maskalar var. Onlara əməl etməklə qırış yaranmasının qarşısını almaq və ondan xilas olmaq mümkündür”.
Həkim-dermatoloq qırışlara qarşı mübarizə formaları haqqında da məlumat verib: “Ən yaxşı üsullardan biri alma yeməkdir. Alma yeyərkən dəri həm daxildən, həm də xaricdən qorunur. Maska kimi yarım almanı əzib içinə 2 qaşıq qaymaq qatılaraq qarışdırılır və üzə yaxılır. 15 dəqiqə gözləyəndən sonra ilıq su ilə yuyub nəmləndirici krem çəkilir. Alma dəridə təravətə, qaymaq isə elastiklik və nəmliyə səbəb olur.
Limon suyu ilə eyni miqdarda qliserinin qarışdırılması da yaxşı vasitədir. Onu üzə çəkir və yatmazdan əvvəl dəri pambıqla təmizlənir.
Gecə yatmazdan əvvəl 1 stəkan yemiş suyu və 1 stəkan qaynanmış su qarışdırılaraq üz yuyulur. Sonra pambıq südə batırılaraq üz silinir və təmiz dəsmalla qurulanır.
Bir ovuc çiyələk əzilərək suyu süzülür, üzərinə bir qədər gül suyu qatılaraq üz və boyun nahiyəsinə sürtülür, 1 saat saxlanandan sonra sodalı su ilə yuyulub təmizlənir.
1 qaşıq süd və 1 yumurtanın sarısı qarışdırılaraq üzə sürtülür, 15 dəqiqədən sonra limon suyu ilə təmizlənir. Prosedur həftədə bir dəfə aparılır”.

Sağlamlıq klubu 2019-09-10 17:28:00