×
A
A
A
Sazlamalar

Azərbaycan elektrik enerjisi sektorunun ixrac potensialında çəkisini artırır

Bakı, 10 sentyabr, Pərvanə Rəhimova, AZƏRTAC

Enerji təhlükəsizliyinin mühüm tərkib hissəsi olaraq elektroenergetika sisteminin təkmilləşdirilməsi, yeni generasiya güclərinin yaradılması Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən hesab edilir. Son illər bu istiqamətdə həyata keçirilən davamlı tədbirlər nəticəsində ölkədə dayanıqlı enerji mənbələri yaradılıb. Bu gün Azərbaycan özünün elektrik enerjisinə olan tələbatını tam təmin edir, həm də bu sektorun ixrac potensialında çəkisini artırır.
Bu sözləri AZƏRTAC-a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev deyib.
O xatırladıb ki, bu ilin avqustunda elektrik enerjisinin istehsalının və ixracının əhəmiyyətli dərəcədə artmasına xidmət edən addımlarda eyni məqsədi daşıyır. Belə ki, ötən ay 2,14 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 200 milyon kilovat/saat və ya 10,5 faiz çoxdur.
“Ölkədə ötən ildən həyata keçirilən “Reabilitasiya Proqramı” çərçivəsində elektrik stansiyalarının texniki imkanları müəyyən qədər artıb. Belə ki, ötən ilin sonlarında ölkədə 12 elektrik stansiya və 17 yarımstansiyada 100-dən çox təyinat üzrə yenidənqurma, təmir və bərpa işləri aparılıb. 35 elektrik stansiyası və 150 yarımstansiyanı əhatə edəcək SCADA Dispetçer İdarəetmə Sistemi yenidən qurulur. Azərbaycan enerji sistemində qəza rejimlərinin məhdudlaşdırılması və tam ləğvini mümkün etmək üçün mikroprosessor texnikasının tətbiqi, həmçinin modernləşdirilməsi ilə yeni əks qəza avtomatika kompleksləri yerinə yetirilir. Məqsəd dinamik inkişaf edən ölkə iqtisadiyyatına, o cümlədən əhalinin elektrik enerjisinə artan tələbatını keyfiyyətlə ödəməkdir. Eyni zamanda, qeyri-neft iqtisadiyyatı dönəmində bu sektorda ixrac potensialını gücləndirməkdən ibarətdir”, - deyə T.Abdullayev əlavə edib.

Energetika 2019-09-10 17:19:00