×
A
A
A
Sazlamalar

Türkiyədə Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə beynəlxalq simpozium keçirilir

Bakı, 10 sentyabr, AZƏRTAC 

Türkiyədə Azərbaycan Universiteti, Nevşehir Hacı Bektaş Veli Universiteti və Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin həmtəşkilatçılığı ilə dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan üçgünlük “I Təsəvvüf Araşdırmaları Beynəlxalq Simpoziumu: Nəsimi-650” işə başlayıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Nevşehir Hacı Bektaş Veli Universitetinin Mədəniyyət və Konqres Mərkəzində keçirilən beynəlxalq tədbirin açılışı mərasimində əvvəlcə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Nevşehir Hacı Bektaş Veli Universitetinin rektoru, professor Mazhar Bağlı rəhbərlik etdiyi ali məktəb tərəfindən yalnız Türkiyədə deyil, eyni zamanda, türk və İslam dünyasında bektaşilik və təsəvvüflə bağlı tədqiqatlar aparıldığını diqqətə çatdırıb. Rektor ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsini xatırladıb. O, Türkiyə ilə Azərbaycanın ortaq dəyərlərə sahib olduğunu və bu dəyərləri ən yaxşı şəkildə tədqiq edərək ictimaiyyətə təqdim edəcək qurumların universitetlər olduğunu vurğulayıb.
Ölkəmizin Türkiyədəki səfirliyinin nümayəndəsi Elçin Allahverdi, Azərbaycan Universitetinin professoru Fərahim Sadıqov, Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin üzvü Taleh Şahməmmədli, Nevşehir Hacı Bektaş Veli Universitetinin Hacı Bektaş Veli Araşdırma İnstitutunun müdir müavini Hamidreza Sohrabıaabad simpoziumun əhəmiyyətini vurğulayaraq, beynəlxalq tədbirin işinə uğurlar arzulayıblar.
Sonra konsert proqramı təqdim olunub.
Simpozium işini bölmələrdə davam etdirib.
“I Təsəvvüf Araşdırmaları Beynəlxalq Simpoziumu: Nəsimi-650” beynəlxalq simpoziumu sentyabrın 11-də yekunlaşacaq.

Elm və təhsil 2019-09-10 16:43:00