×
A
A
A
Sazlamalar

Salyanda keçirilən qanvermə aksiyasında 97 donordan qan götürülüb

Salyan, 10 sentyabr, Mahir Babayev, AZƏRTAC

Sentyabrın 10-da Səhiyyə Nazirliyinin, Qafqaz Müsəlmanları İdarəsinin və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Salyan şəhərindəki Mərkəzi Hacı Tağı məscidində irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi ilə qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Aşura günü ilə bağlı keçirilən humanitar aksiyada rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatlarının nümayəndələri, sadə salyanlılar və gənclər iştirak ediblər.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Şirvan bölməsinin Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hematoloqları donorların sağlamlığını yoxladıqdan sonra onlardan qan götürüblər. Humanitar aksiya çərçivəsində 97 nəfər könüllü donorun hər birindən 200 qram qan götürüblər.
Toplanan qan nümunələri laboratoriyada müayinə olunduqdan sonra Qan Bankına təhvil veriləcək.

Regionlar 2019-09-10 13:10:00