×
A
A
A
Sazlamalar

Naxçıvanda ingilis dili müəllimləri üçün təlim kurslarına başlanılıb

Naxçıvan, 10 sentyabr, AZƏRTAC

Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə ingilis dili müəllimləri üçün “İngilis dili fənninin tədrisində interaktiv təlim, üsul və vasitələrindən istifadənin təkmilləşdirilməsi” mövzusunda seminara start verilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, seminara Naxçıvan şəhəri üzrə 58, Babək rayonu üzrə 50, Heydər Əliyev adına Hərbi Liseydən 9 olmaqla, ümumilikdə, 117 ingilis dili müəllimi cəlb edilib. Seminar dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodik monitorinq qrupunun eksperti, “İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi və sertifikasiyası layihəsi” çərçivəsində “Gələcək üçün təhsil” proqramı üzrə təlimçi Pərvanə Talıbova tərəfindən aparılır.
Təlim kurslarında tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına, ayrı-ayrı fənlər üzrə çətin mövzular ətrafında təhlillərin təşkilinə dair qabaqcıl təcrübənin öyrənilməsi həyata keçiriləcək, müəllimlərin bacarıqlarının artırılmasına köməklik göstəriləcək.
Müəllimlər seminarda qazandıqları təcrübələri ilə fəaliyyətlərini müasir tələblərə uyğun daha da təkmilləşdirəcək, muxtar respublikamızın ümumtəhsil məktəblərində ingilis dilinin yüksək səviyyədə tədrisi təmin olunacaq.
Seminar sentyabrın 13-dək davam edəcəkdir.

Regionlar 2019-09-10 15:56:00