×
A
A
A
Sazlamalar

Prezident təqaüdçüsü: Bu humanist addım tələbələrin daha yaxşı oxumasına stimul verəcək

Bakı, 10 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin 2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında 9 sentyabr tarixli Sərəncamı təhsilə dövlət qayğısının daha bir təzahürüdür. Bu Sərəncam tələbələrin maddi çətinliklərinin aradan qaldırılması, onlarda elmə marağın yaradılması məqsədi daşıyır. Məncə, bu humanist addım tələbələrin daha yaxşı oxumasına stimul verəcək. Adımı Prezident təqaüdçülərinin siyahısında görəndə çox sevindim. Buna görə dövlətimizin başçısına ailəmiz adından minnətdarlığımı bildirirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində 2019-2020–ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında göstərdiyi yüksək nəticəyə görə Prezident təqaüdünə layiq görülmüş Ləman Ağazadə deyib.
Ləman Ağazadə Azərbaycan Dillər Universitetini seçməsini universitetin geniş beynəlxalq əlaqələrə malik olması ilə izah edib. O, Koreya dili ixtisasını daha çox iş imkanları yaratdığı üçün seçdiyini bildirib. Ləmanın gələcək planlarına universitetdə bir neçə dili dərindən mənimsəyərək təhsilini xaricdə davam etdirmək, özünü sinxron tərcümə sahəsində peşəkar kadr kimi formalaşdırmaq, yazıçı, ssenarist kimi fəaliyyət göstərmək də daxildir.
Qeyd edək ki, Bakı şəhəri 318 nömrəli tam orta məktəbi fərqlənmə ilə bitirən Ləman Ağazadə qəbul imtahanlarında 672 bal toplayıb. Göstərdiyi nəticəyə uyğun olaraq o, Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinə (Koreya dili üzrə) qəbul olunub.

Elm və təhsil 2019-09-10 12:45:00