×
A
A
A
Sazlamalar

Azərbaycanda “Visa Token” xidməti istifadəyə verilib YENİLƏNİB VİDEO

Bakı, 10 sentyabr, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası və “Visa Inc.” beynəlxalq kart təşkilatı “Visa Token” xidmətini istifadəyə verib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da bununla bağlı keçirilən mətbuat konfransında “Visa Inc.” beynəlxalq kart təşkilatının Qafqaz regionu, Müstəqil Dövlətlər Birliyi, Cənub-Şərqi Avropa regionu üzrə baş meneceri Kristina Doros “Visa Token” xidməti və onun üstünlükləri, ölkədə rəqəmsal ödənişlərin inkişafı sahəsində təşkilatın əsas prioritet istiqamətləri, tətbiq ediləcək yeni məhsul və xidmətlər barədə məlumat verib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov isə ölkədə bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üzrə tənzimləmə mexanizminin təkmilləşdirilməsi, rəqəmsal ödənişlərin inkişafı və bu sahədə innovativ ödəniş həllərinin tətbiqi, məsafəli bank xidmətlərinin inkişafı istiqamətində həyata keçirilən layihələr və gələcək perspektivlər barədə danışıb.
Eyni zamanda, “Visa Token” xidmətinin ölkəmizdə tətbiqinin rəqəmsal ödənişlərin inkişafında yeni bir mərhələ olması, bu xidmətin rəqəmsal ödənişlərin təhlükəsizlik və effektivlik səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb etməsi qeyd edilib.
“Visa Token” xidməti nağdsız ödənişlərin ödəniş kartları ilə yanaşı, müxtəlif vasitələr, o cümlədən mobil telefonlar vasitəsilə həyata keçirilməsinə, ödəniş kartları ilə aparılan əməliyyatlarda məlumatların emalı üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, daha innovativ həllərin tətbiqinə imkan verəcək.
Maliyyə Bazarlarına Nəzarət Palatası və “Visa Inc.” beynəlxalq kart təşkilatı arasında daha öncədən imzalanmış Anlama Memorandumu tərəflər arasında dəyişdirilib. Bu memorandum ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarının qarşısının alınması, rəqəmsal ödənişlərin inkişafı üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi, maliyyə inklüzivliyinin gücləndirilməsi və rəqəmsal ödənişlər sahəsində qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi, habelə rəqəmsal ödənişlərin inkişafı və innovativ ödəniş həllərinin istifadəsinin genişləndirilməsi üzrə birgə əməkdaşlıq istiqamətlərini müəyyən edir.
Sonda rəqəmsal ödənişlər sahəsində həyata keçirilən islahatlar və bu sahədə tətbiq olunacaq yeniliklər ətrafında müzakirələr aparılıb.

 

Maliyyə 2019-09-10 11:38:00

Video