×
A
A
A
Sazlamalar

BMT-nin Ali komissarı: qlobal istiləşmənin nəticələri fəlakətli olacaq

Bakı, 10 sentyabr, AZƏRTAC

Cenevrədə keçirilən BMT-nin İnsan Haqları Şurasının 42-ci sessiyasının açılışında çıxış edən təşkilatın insan haqları üzrə Ali komissarı Mişel Baçelet bildirib ki, qlobal istiləşmənin nəticələri fəlakətli olacaq. O, bəşəriyyəti iqlim dəyişmələrinin ağır nəticələrindən xilas etməyə çağırıb.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Ali komissarın sözlərinə görə, sözügedən problem istisnasız olaraq bütün ölkələrə aiddir və sosial-iqtisadi sarsıntılar, silahlı münaqişələrin sayının artması, əhalinin köçü və hətta ölüm hallarının kəskin artması ilə müşayiət olunacaq. M.Baçelet əlavə edib ki, qlobal istiləşmənin gözlənilən trayektoriyası insan haqları üçün də fəlakətli nəticələr doğuracaq. Daha çox baş verəcək qasırğalar və dəniz səviyyəsinin artması ada dövlətlərin və sahilyanı şəhərlərin su altında qalmasına səbəb olacaq. “Meşələrimiz yanır, buzlaqlarımız əriyir. İnsanlıq sözün həqiqi mənasında öz gələcəyini “yandırır”, -deyə Baçelet vurğulayıb.
Dünya Səhiyyə təşkilatı və BMT-nin Ərzaq Proqramının hesabatlarına istinad edən Baçelet bildirib ki, iqlim dəyişmələri artıq dünyanın bəzi yerlərində aclığa səbəb olub, 2030-2050-ci illərdə isə ildə 250 min insan bu səbəbdən həyatını itirə bilər. İnsanlar malyariya, diarreya, aclıq və günvurmalardan ölürlər.
M.Baçelet sonda deyib: “Dünya hələ heç bir vaxt insan haqlarına və varlığına bu cür təhlükə ilə üzləşməyib. Dövlətlər bu istiqamətdə daha təsirli tədbirlər görməli, “istixana qazları”nın emissiyası azaldılmalı, bərpaolunan enerji mənbələrindən daha geniş şəkildə istifadə olunmalıdır”.

Ekologiya 2019-09-10 11:11:00