×
A
A
A
Sazlamalar

Aşura günü ilə əlaqədar könüllü qanvermə aksiyaları keçirilir

Bakı, 10 sentyabr, AZƏRTAC

Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu saata qədər Bakının 8 rayonu üzrə xəstəxana və məscidlərdə keçirilən qanvermə aksiyalarında 518 nəfər könüllü olaraq qan verib. Həmin şəxslərdən 233 litr qan tədarük olunub. Səhər saatları olmasına baxmayaraq qan vermək üçün gələn insanların sayı durmadan artır. Götürülmüş qanlar Mərkəzi Qan Bankına göndərilir.
Qeyd edək ki, qanvermə aksiyaları 25 şəhər və rayon üzrə 33 yerdə təşkil olunub.
Bakı şəhəri üzrə: Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir-Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu “Əjdər bəy məscidi” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, Nizami rayonu “Şah Abbas məscidi”, “Sahibəzzaman” məscidi, Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”, “İmam Rza” məscidi, Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı”, Suraxanı rayonu “Qaraçuxur” məscidi, Yasamal rayonu “Təzə pir” məscidi, “Hacı Cavad” məscidi və “Hacı Soltanəli” məscidi;
Bölgələrdə: Gəncə şəhəri “İmamzadə kompleksi”, Lənkəran şəhəri “Böyük bazar” məscidi, Mingəçevir şəhəri “Heydər” məscidi, Sumqayıt şəhər “Cümə” məscidi, Şəki şəhəri “İmam Əli” məscidi, Mərkəzi Qan bankının Şirvan bölməsi, Ağcabədi Mərkəzi Rayon Xəstəxanası, Beyləqan Mərkəzi Rayon Xəstəxanası, Bərdə rayonu “Bərdə İmamzadəsi”, Biləsuvar rayonu “Cümə məscidi” (mərasim zalı), Cəlilabad Mərkəzi Rayon Xəstəxanası, Xaçmaz şəhər Məscidi, Ağsu Mərkəzi Rayon Xəstəxanası, Qan bankının Quba bölgəsi, Masallı şəhər “Cümə” məscidi.

 

Səhiyyə 2019-09-10 10:40:00