×
A
A
A
Sazlamalar

“Ən yaxşı kəşfiyyatçı-istehkamçı” və “Ən yaxşı kəşfiyyatçı-qumbaraatan” adı uğrunda yarış keçirilib

Naxçıvan, 9 sentyabr, AZƏRTAC

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı və kəşfiyyat bölmələri arasında “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” və “Ən yaxşı kəşfiyyatçı-qumbaraatan” adı uğrunda yarış təşkil edilib.
Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə yarış iştirakçılarının nəzəri bilikləri test üsulu ilə yoxlanılıb, hərbi topoqrafiyadan normativlər qəbul olunub. Sonra mühəndis hazırlığından kəşfiyyatçı-istehkamçılar minaların qurulması, mina sahələrinin aşkar olunması və keçidin açılması, minaaxtaranın işə salınması və istifadə qaydaları, ağac konstruksiyalı elementin hesabatının aparılaraq partladılması üsullarını praktiki yerinə yetiriblər.
Ən yaxşı kəşfiyyatçı-qumbaraatan adını qazanmaq üçün əsgərlər qumbaraatanlardan praktiki atışları icra ediblər. Yarışın əsas mərhələsindən sonra fiziki hazırlıqdan normativlər götürülüb.
Nəticələrə əsasən “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” adına əsgər Sabir Əliyev və “Ən yaxşı kəşfiyyatçı-qumbaraatan” adına əsgər Fərdi Məmmədov layiq görülüb. Sonda qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

 

Regionlar 2019-09-09 20:29:00