×
A
A
A
Sazlamalar

UNEC-ə yeni qəbul olunan tələbələr üçün “Oriyentasiya günü” keçiriləcək

Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 13-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni qəbul olunan tələbələr üçün növbəti dəfə ənənəvi “Oriyentasiya günü” keçiriləcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, dünya universitetlərində də hər il ənənəvi təşkil edilən “Oriyentasiya günü”nün məqsədi yeni qəbul olunan tələbələri universitet həyatı ilə tanış etmək, onlara tədris prosesi barədə geniş məlumat vermək, əyləncəli, pozitiv gün yaşatmaqdır.
UNEC-in bütün tədris binalarında və Zaqatala filialında təşkil olunacaq “Oriyentasiya günü”ndə tyutorlar və müəllim-mentorlar yeni qəbul olunan tələbələrə məlumatlar verəcək, tələbə könüllülər isə universitetdaxili gəzintilərdə onlara bələdçilik edəcəklər.
Bununla yanaşı, tələbə təşkilatlarının stendlərində fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə məlumat veriləcək. Bu il ilk dəfə olaraq “UNEC Startap” və “Encastus” stendləri də tələbələr üçün tanıtımlar həyata keçirəcək. UNEC startapçılarının stendlərində həm ideyaların nümayişi keçiriləcək, həm də komandaya yeni üzvlər cəlb ediləcək. UNEC-in “Enactus” komandası stenddə beynəlxalq yarış haqqında məlumatlar verəcək, indiyədək reallaşdırılan layihələri nümayiş etdirəcək, o cümlədən bu il keçiriləcək yarışa qatılmaq istəyənləri komanda üzvlüyünə qəbul edəcək.
UNEC-in Karyera Mərkəzi universitet sıralarına yeni daxil olan tələbələr üçün karyera quruculuğu istiqamətində məsləhətlər təşkil edəcək, Mərkəzin fəaliyyəti haqqında məlumat verəcək. Habelə bu il ilk dəfə olaraq, yeni qəbul olunan tələbələr üçün karyera planlama testi təşkil ediləcək.
Tədbir günü UNEC Yaradıcılıq Mərkəzi üzvlərinin ifasında musiqi təqdim olunacaq, əyləncəli və intellektual oyunlar, həmçinin stolüstü tennis, voleybol, badminton, rəsm sərgisi və digər pozitiv fəaliyyətlər nümayiş etdiriləcək.
“Oriyentasiya günü” sentyabrın 13-də saat 10-dan 15-dək UNEC-in bütün tədris binalarında təşkil olunacaq. Universitetə yeni qəbul olunan tələbələrlə yanaşı, onların valideynləri və digər qonaqlar da tədbirə dəvətlidir.

Elm və təhsil 2019-09-09 18:31:00