Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İntensiv yağış nəticəsində Gorançayda qısamüddətli daşqın olub

Bakı, 9 sentyabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ölkə ərazisində yağış nəticəsində respublikanın əksər çaylarında sululuğun artımı müşahidə olunub. Sentyabrın 7-də isə intensiv yağış nəticəsində Gorançayda qısamüddətli daşqın olub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 150, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan çox olmaqla 60-180, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 160-260 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 9-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 131 kubmetr təşkil edir ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 107 faizinə bərabərdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 17 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 55 kubmetr təşkil edir. Bu da ongünlük normadan çox olmaqla normanın 75 faizinə bərabərdir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 40 kubmetr təşkil edir. Bu da ongünlük normadan çox olmaqla onun 89 faizinə bərabərdir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3 santimetr artaraq 356 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 8 santimetr artaraq 151 santimetr olub. Salyanda suyun səviyyəsi 8 santimetr artıb və 151 santimetrə bərabər olub. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 10 santimetr artaraq 65 santimetr təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 11 santimetr azalaraq 169 santimetr olub.

Ekologiya 2019-09-09 17:41:00