×
A
A
A
Sazlamalar

“Transbroker” “Caspian Energy Forum Baku–2019”un tərəfdaşı olub

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da Bakıda təşkil olunacaq IX Beynəlxalq “Caspian Energy Forum Baku-2019”un növbəti tərəfdaşı “Transbroker” şirkəti olub. IX Beynəlxalq “Caspian Energy Forum” “Əsrin müqaviləsi”nin imzalanmasının 25 və “Caspian Energy” jurnalının 20 illik yubileyinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev deyib.
“Artıq uzun illərdir ki, “Transbroker” şirkəti “Caspian European Club”un fəal üzvüdür. Şirkətin baş direktoru Nəriman Məmmədov isə klubun Dövlət Gömrük Komitəsi ilə iş üzrə əməkdaşlıq qrupuna rəhbərlik edir. Bu işçi qrupu ən fəal qrupdur və “Caspian European Club”un üzv şirkətlərinin bütün problem və təkliflərinin müzakirəsində iştirak edir. “Transbroker”in fəaliyyəti ilə bağlı onu da qeyd etmək istərdim ki, bu günədək klubun vasitəsilə ona müraciət etmiş bütün şirkətlər nəticədən razı qalıblar”, - deyə T.Əliyev bildirib.
“Transbroker” ASC-nin baş direktoru N.Məmmədov öz növbəsində şirkətin ilin əlamətdar hadisəsi olan IX Beynəlxalq “Caspian Energy Forum Baku-2019”un yüksək səviyyədə təşkilinə hazır olduğunu qeyd edib: “Bizim şirkət idxal-ixrac əməliyyatlarında gömrük xidməti göstərməklə bütün şirkətlərə yardım edir. Buraya idxal və ixrac olunan yüklərin, həmçinin tranzit yüklərinin Azərbaycanın xarici iqtisadi fəaliyyətinin əmtəə nomenklaturasına uyğun olaraq malların kateqoriyası üzrə məhdudiyyətsiz gömrük rəsmiləşdirilməsi daxildir”.
“Caspian Energy Forum Baku–2019”un işində dünyanın 50 ölkəsindən 1500-dən çox nümayəndə iştirak edəcək. Forum 3 sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrin həyata keçirilməsi mövzusuna həsr ediləcək. İkinci sessiyada maliyyə sektorunun inkişafı mövzusuna toxunulacaq, Azərbaycanda investisiyalaşma imkanlarından ətraflı bəhs olunacaq. İkinci sessiyada, həmçinin əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək.
Forumda iştirak üçün qeydiyyat: http://caspianenergyforum.com

Energetika 2019-09-09 17:29:00