×
A
A
A
Sazlamalar

UNEC-də distant Çin dili kurslarına start verilir

Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti - UNEC Ekstern Mərkəzi Çin dilini öyrənmək istəyənlər üçün distant dərslərə başlayır.
Dərslər Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetinin dəstəyi ilə təşkil olunacaq.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, peşəkar müəllimlər tərəfindən keçiriləcək dərslər Çin dilini öyrənməyə yeni başlayan azərbaycanlılar üçün nəzərdə tutulub. Dərslər 1,5 saat olmaqla həftədə 3 dəfə keçiriləcək.
Dinləmək, danışmaq, oxumaq və yazmaq dərslərindən ibarət olan elementar səviyyəni bitirənlər təxminən 2000 sözə, 800 heroqlifə, 30-a yaxın qrammatik xüsusiyyətə və Çin dilinin ümumi qrammatik quruluşuna bələd olacaq. Elementar səviyyəni müvəffəqiyyətlə bitirənlər Çin dilində sadə fikir mübadiləsi aparmaq bacarığına malik olacaq.
Sənəd qəbulu elektron qaydada http://www.kabinet.unec.edu.az linkindən qeydiyyatdan keçməklə aparılır. Namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda proqramda iştirak etmək hüququnu qazanırlar.
Proqram sentyabrın 23-dən başlayaraq 3 ay müddətinə təşkil olunacaq. Təlimlər işdən ayrılmadan distant formada təşkil ediləcək və ödənişlidir (ayı 60 manat). Proqramı müvəffəqiyyətlə bitirən iştirakçılar sertifikatla təmin olunacaq.
İlk qrupa sənəd qəbulu sentyabrın 9-dan 16-dək aparılacaq. Digər qruplara sənəd qəbulu isə sentyabrın 16-dan oktyabrın 14-dək davam edəcək.
Çin dilini öyrənən tələbələr Çində təqaüd proqramları ilə təhsil almaq şansı əldə edirlər.

Elm və təhsil 2019-09-09 17:25:00