Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Minskdə MDB ekspertləri ərazilərin sanitariya mühafizəsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 12-13-də Minskdə MDB-nin İcraiyyə Komitəsində Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin ərazilərinin sanitariya mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş layihəsinin başa çatdırılması və razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcək.
AZƏRTAC MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Saziş layihəsində tərəflərin fövqəladə hallarla və ya fövqəladə halların yaranması ehtimalı ilə əlaqədar xəstəliklərin Siyahısına və sanitariya-epidemioloji nəzarətin şamil olunduğu malların Siyahısına müvafiq olaraq dövlət sərhəd-buraxılış məntəqələrində zəruri sanitariya-epidemioloji nəzarət tədbirləri keçirəcəkləri qeyd edilir.
Saziş iştirakçıları fövqəladə hallarla, yaxud fövqəladə halların yaranması ehtimalı ilə əlaqədar xəstəliklərin gətirilməsinin və yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görməyi, öz ərazisində belə xəstəliklərin aşkarlanması barədə başqa dövlətləri məlumatlandırmağı, epidemiyalar əleyhinə sanitariya (profilaktika) tədbirlərinin görülməsində praktiki, elmi, texniki və digər yardımlar göstərməyi və tərəflərdən hər hansı birinin xahişi ilə epidemiyalara qarşı mübarizə aparan briqadalar göndərməyi öhdələrinə götürəcəklər.
Bundan əlavə, tərəflər əhalinin sağlamlığı üçün potensial təhlükə mənbəyi olan malların başqa dövlətin ərazisinə gətirilməsinin qarşısını almalı, onların üzə çıxarılması və yayılması halları barədə operativ məlumat verməlidirlər.
Bu məqsədlə sanitariya-epidemioloji nəzarətin şamil olunduğu idxal mallarının hər bir partiyası tərəflərin müvəkkil orqanları tərəfindən verilmiş qiymətləndirmə sənədləri ilə müşayiət olunmalıdır. Müvəkkil orqanlar, öz növbəsində, sanitariya-epidemioloji nəzarət tətbiq edilən, əhalinin sağlamlığı üçün potensial təhlükə mənbəyi olan, fövqəladə halların yaranması ehtimalı ilə əlaqədar olan malların öz dövlətinin ərazisinə idxalına müvəqqəti sanitariya tədbirləri həyata keçirmək hüququnu özündə saxlayır.
Sərnişinlərin və malların başqa dövlətin ərazisinə daşınması üçün istifadə olunan nəqliyyat vasitələri qəbul edən tərəfin sanitariya-epidemioloji tələblərinə cavab verməlidir.
Sanitariya-epidemioloji və gigiyena tələblərinə cavab verməyən mallar aşkarlandıqda, müvəkkil orqanların idxalı məhdudlaşdırmaq, onu geri qaytarmaq, zərərsizləşdirmək və ya məhv etmək hüququ var.

Səhiyyə 2019-09-09 14:10:00