×
A
A
A
Sazlamalar

Qan xəstəliklərindən əziyyət çəkənlər üçün Lənkəranda humanitar aksiya təşkil edilib

Lənkəran, 9 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 9-da Aşura günü münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə ölkəmizin bir sıra şəhər və rayonlarında, o cümlədən Lənkəranda qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran şəhərindəki “Böyük bazar” məscidində keçirilən aksiyada toplanan qan ehtiyatı talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.
Qan verməyə gələn sakinlərin sağlamlığı əvvəlcədən Mərkəzi Qan Bankının Lənkəran bölməsinin və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkim və tibb işçiləri tərəfindən yoxlanılıb.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, idarənin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadənin verdiyi məlumata görə, iki gün davam edəcək humanitar aksiyanın birinci gününün yarısında Lənkəran və ətraf rayonların 100-dən çox sakini iştirak edib. Onların 60 nəfərindən qan götürülüb.
Aksiyada götürülən qanlar laboratoriyada yoxlanıldıqdan sonra xəstələrə yardım göstərmək məqsədilə sertifikatlaşdırılacaq və qan bankında toplanacaq.

Regionlar 2019-09-09 13:45:00