×
A
A
A
Sazlamalar

Niderlandlı tələbələrə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib

Bakı, 9 sentyabr, AZƏRTAC 

Niderlandın Leyden Universitetinin beynəlxalq münasibətlər, dövlət idarəetməsi və politologiya ixtisası üzrə təhsil alan bir qrup tələbəsi ilə Azərbaycanın bu ölkədəki səfirliyində görüş keçirilib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüş çərçivəsində tələbələrə Azərbaycanın müasir xarici siyasətinin əsas istiqamətləri ilə bağlı təqdimat edilib. Təqdimatda 2019-cu ildə Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının yaradılmasının 100 illiyinin qeyd edildiyi bildirilib, bu dövrdə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, həyata keçirilən transregional layihələrdən, iki dövlət arasında qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyətindən və bu istiqamətdə səfirliyin fəaliyyətindən bəhs olunub.
İnteraktiv şəkildə keçən görüş zamanı tələbələr Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin məsələ ilə bağlı mövqeyi, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində bu münaqişə ilə bağlı qəbul edilən əsas sənədlər, ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə həyata keçirilən danışıqların vəziyyəti barədə məlumatlandırılıblar.
Sonda tələbələr Azərbaycan milli mətbəxinin təamları və musiqisi ilə yaxından tanış olublar.

Siyasət 2019-09-09 12:41:00