×
A
A
A
Sazlamalar

Fəvvarələr meydanında “Sehrli Bakı” layihəsi çərçivəsində rəngarəng dünya rəqsləri ifa olunub

Bakı, 9 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Fəvvarələr meydanında “Sehrli Bakı” layihəsi çərçivəsində rəngarəng dünya rəqsləri ifa olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, Bakı sakinləri və şəhərimizin qonaqları Kəmalə Səfərəliyevanın ifasında “Şam” rəqsini izləyiblər. Sonra meydan “Səma” rəqs qrupunun üzvlərinə verilib.
Azərbaycanı beynəlxalq festivallarda layiqincə təmsil edən kollektiv tamaşaçılara “Sarı gəlin” kompozisiyasını, “Özbək”, “Qaytağı”, “Hind”, “Çobanlar”, “Tatar” və “Ərəb” rəqslərini təqdim ediblər. Konsertin əsas nömrəsi isə gənc rəqqasların ifa etdikləri “Azərbaycan süitası” rəqsi olub.
Tamaşaçıların həftəsonu istirahətini mənalı təşkil etmək, onların musiqi zövqünü peşəkar musiqi ilə zənginləşdirmək məqsədi daşıyan “Sehrli Bakı” layihəsi çərçivəsində konsertlər sentyabrın 30-dək hər həftəsonu davam edəcək.

Mədəniyyət 2019-09-09 11:55:00