×
A
A
A
Sazlamalar

Azərbaycanlı alim Dünya bariatrik-metabolik cərrahlar konqresində çıxış edib

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 3-7-də Madriddə XXIV Dünya bariatrik-metabolik cərrahlar konqresi (XXIV WORLD KONGRES IFSO - International Federation for the Surgery of Obesity and Metabolic Disorders) keçirilib. Mötəbər beynəlxalq tədbirdə Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Taryel Ömərov iştirak və çıxış edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, piylənmənin və metabolik xəstəliklərin cərrahi müalicəsindən bəhs edən konqresdə dünyanın 67 dövlətindən bariatrik-metabolik cərrahiyyə sahəsində tanınan 3000-dən artıq mütəxəssis iştirak edib və bu sahənin öndə gedən 250-dən çox mütəxəssisi çıxış edib.
IFSO (International Federation for the Surgery of Obesity and Metabolic Disorders) beynəlxalq təşkilatın rəsmi olaraq dəvəti ilə konqresdə çıxış edən dərnək sədri bu tədbirin akademik proqram üzrə həddindən çox effektiv planlanmış, eyni zamanda, növbəti illərdə bu sahənin marağında olan cərrahlar üçün əhəmiyyətli perspektivlərin açılacağını qeyd edib.
Öz təəssüratları ilə bölüşən Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri bildirib ki, beynəlxalq konqres bütün dünya dövlətlərində bariatrik-metabolik cərrahiyyənin inkişafına ciddi təkan olacaq: “Biz, milli dərnək olaraq, bu konfransda dünya şöhrətli professorların işləri, həmçinin bariatrik-metabolik cərrahiyyənin müasir nailiyyətləri ilə yaxından tanış olduq. Eyni zamanda, öz təcrübələrimizə dair fikir mübadiləsi apardıq. Biz artıq 2015-ci ildən başlayaraq beynəlxalq konqreslərdə müxtəlif növ çıxışlar edərək bu sahənin dövlətimizdəki inkişafından bəhs edirik. Bu sahədə mədənin boylama rezeksiyasının (Sleeve gastrectomy) nəticələrinin daha da yaxşılaşdırılması ilə əlaqədar olaraq son 5 ildə gördüyümüz işlərin nəticəsindən bəhs edən çıxışımız dinləyicilər tərəfindən maraq doğurdu. Sevindirici haldır ki, MDB məkanında olan Xəzəryanı dövlətlərdə, Qafqazda və Mərkəzi Asiya dövlətlərində Azərbaycan Bariatrik-Meatbolik Cərrahlar Dərnəyi artıq 5 ildir ki, fəaliyyət göstərir və adı çəkilən bu dövlətlər arasında ilk dəfə bizim respublikamızda bu işə başlanılıb”.
Dərnək sədri konqresin işini çox yüksək qiymətləndirərək, qeyd edib ki, dünyada 2018-2019-cu illərdə ortalama 834000 müxtəlif növ bariatrik-metabolik cərrahi əməliyyatlar aparılıb: “Bunlardan 390000 (47 faiz) mədənin boylama rezeksiyası əməliyyatıdır. Ölkəmizdə son 6 ildə 3000-ə yaxın bariatrik-metabolik cərrahi əməliyyatı aparılıb ki, bunlardan təxminən 80-85 faizi mədənin boylama rezeksiyası əməliyyatıdır”.

 

Səhiyyə 2019-09-09 11:15:00