×
A
A
A
Sazlamalar

“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir

Bakı, 8 sentyabr, AZƏRTAC

Xətai Sənət Mərkəzində uşaq və gənclər üçün elan olunan “Mənim yay tətilim-2019” adlı respublika rəsm müsabiqəsi davam edir.
Mərkəzin direktoru Zahid Əvəzov AZƏRTAC-a bildirib ki, müsabiqə Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (QSC), Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. “Nəsimi ili” çərçivəsində gerçəkləşən müsabiqə məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə həyata keçirilir.
Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Mənim yay tətilim – 2019” və ya http://xsm.az/site/menimyaytetilim2019/ linkinə daxil olub 1 və ya 2 əsərin fotosunu daxil etməklə göstərilən anketi doldurmaq tələb olunur. Qeydiyyat oktyabr ayının 15-dək aparılacaq.
Seçim iki yaş kateqoriyası - 12 yaşa qədər, 12-17 yaşarası üzrə keçirilir. Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.
Sərgi Xətai Sənət Mərkəzində açılacaq.
Mövzu və düzgün kompozisiyaların üstünlük veriləcəyi müsabiqədə ən çox uşaqların öz duyğuları ilə işləmiş olduğu əsərlər seçiləcək.
Qeyd edək ki, AZƏRTAC müsabiqənin informasiya dəstəkçiləri sırasındadır.

İncəsənət 2019-09-08 21:14:00