×
A
A
A
Sazlamalar

Masallıda icbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Masallı, 7 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərində “Sağlamlığa xidmət” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İlkin səhiyyə xidməti sahəsində çalışan tibb işçilərinin və ümumi əhalinin icbari tibbi sığorta mexanizmi barədə məlumatlılığının artırılması” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, ərazi icra nümayəndələri, təhsil və mədəniyyət işçiləri, məktəb və uşaq bağçalarının direktorları, rayon mərkəzi xəstəxanasının işçiləri, rayon ərazisində fəaliyyət göstərən sahibkarlar, yerli QHT-lər, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin regional bölmə əməkdaşları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin məsul işçisi Nigar Kərimova 2020-ci ildə ölkəmizdə tətbiq olunacaq icbari tibbi sığortanın əhəmiyyətindən danışıb. Bildirib ki, tədbirin məqsədi rayon əhalisini və ilkin səhiyyə xidməti əməkdaşlarını, o cümlədən tibb işçilərini icbari tibbi sığorta sistemi barədə məlumatlandırmaqdır.
Masallı Vərəm Əleyhinə Xəstəxananın baş həkimi Mirrəhim Nəbiyev çıxışında icbari tibbi sığortanın tətbiqinin Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsinə, ailə həkimliyi, eləcə də vərəm kimi bir çox xəstəliklərin erkən mərhələdə aşkar olunmasında mühüm rol oynayan ilkin səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına təkan verəcəyini vurğulayıb.
Daha sonra “Sağlamlığa xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı, layihə rəhbəri Pərvanə Vəliyeva, həkim-ekspertlər Samirə Muxtarova və Pərvanə Vəliyeva icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar qarşıda duran vəzifələrdən danışaraq, sualları cavablandırıblar.
“İnkişafa doğru qadın təşəbbüsləri” İctimai Birliyinin sədri Ziba Nəbiyeva icbari tibbi sığorta sisteminin ölkə əhalisinin sosial rifahını və sağlamlığını yaxşılaşdıracağını qeyd edərək, hər kəsi bu sistemin iştirakçısı olmağa dəvət edib.
Azərbaycan "Qızıl Aypara" Cəmiyyətinin layihə koordinatoru Mətanət Qaraxanova icbari tibbi sığortanın əhəmiyyətindən söz açıb.
Sonda layihə çərçivəsində hazırlanmış maarifləndirici sosial videoçarx nümayiş olunub.
Tədbir çərçivəsində Masallı şəhərindəki parkda və digər ictimai məkanlarda əhaliyə maarifləndirici bukletlər paylanılıb, insanların icbari tibbi sığorta sisteminə münasibəti və təklifləri öyrənilib.

Regionlar 2019-09-07 17:20:00