×
A
A
A
Sazlamalar

Səfər Qaraqoyunlu: Dünya ictimaiyyəti Ermənistanın düşmənçilik siyasətinə biganə yanaşmamalıdır

İstanbul, 7 sentyabr, AZƏRTAC 

Hər fürsətdə türkləri soyqırımı törətməkdə günahlandıran Ermənistanın bir qatilə ucaltdığı heykəldə türk generalı Tələt Paşanı təhqir etməsi qəbuledilməzdir. Bu, ermənilərin nə dərəcədə kinli olduğunu və bu kinin də yeni nəsillərə ötürüldüyünü göstərir. Ermənistan yürütdüyü bu düşmənçilik siyasətindən əl çəkməlidir. Dünya ictimaiyyəti buna biganə yanaşmamalıdır.
Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində İstanbuldakı Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu bildirib.
Dərnək rəhbəri yüz il əvvəl öldürülən paşanın bu cür təhqir olunmasının türk xalqını dərindən kədərləndirdiyini qeyd edib. O deyib ki, illər əvvəl o coğrafiyanın 87 faizini türklər təşkil edirdi. Hazırda orada bir nəfər belə türk yoxdur. Halbuki Türkiyədə minlərlə türk vətəndaşı olmuş erməni var. Onlar orada sülh və əmin-amanlıq şəraitində yaşayırlar. İndi bunun hansının insanlığa daha çox yaraşdığını soruşmaq lazımdır.
Tarixi həqiqətlərlə üzləşmək istəməyən Ermənistanın təxribatçı hərəkətləri davam etdirdiyini bildirən S.Qaraqoyunlu deyib ki, bu ölkə bölgəyə sülh və sabitliyin gəlməsini istəyirsə, bu cür təxribatçı hərəkətlərdən əl çəkib işğal etdiyi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz tərk etməlidir.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Siyasət 2019-09-07 17:18:00