×
A
A
A
Sazlamalar

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib

Bakı, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 7-də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bu ilin dekabr ayında ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini xatırladıb. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi, bu seçki kampaniyasının da yüksək səviyyədə həyata keçirilməsi üçün lazımi işləri görməlidir. Bu müşavirə də bələdiyyə seçkilərinə hazırlıq məsələlərinə həsr olunub.
YAP sədrinin müavini qeyd edib ki, bələdiyyə seçkiləri ilə əlaqədar olaraq ölkədə siyasi canlanma müşahidə olunur. YAP ölkədə mövcud siyasi proseslərin təhlil edilməsini də bələdiyyə seçkilərinə hazırlıq məsələlərinin bir elementi kimi qəbul etməlidir. “Təəssüflə qeyd etmək lazımdır ki, müxalifət bütövlükdə siyasi müxalifət üçün zəruri olan sosial bazanı təmin edə bilmədiyi üçün siyasi proseslərə normal cəmiyyətlərə xas olan norma və dəyərlərdən fərqli məqamlar gətirməyə çalışır. Onların apardıqları siyasi kampaniya əslində siyasi müxalifət anlayışının mahiyyətinin ciddi şəkildə tənəzzülü ilə müşayiət olunmaqdadır. Xüsusi qeyd olunmalıdır ki, müxalifətin müəyyən kəsiminin apardığı “siyasi kampaniya” mənəvi terror, yalan məlumatlar yaymaq, böhtan atmaq üzərində qurulub. İndi isə buraya yeni elementlər daxil edirlər. Bu da hədələmək, söymək və beləliklə də cəmiyyətimizin normal siyasi proseslərdən uzaqlaşmasına çalışmaqdır”, - deyə Ə.Əhmədov bildirib.
YAP sədrinin müavini qeyd edib ki, bu dairələr siyasi müxalifət anlayışını ciddi surətdə təhrif etmiş olurlar. Beləliklə, onlar yenidən vaxtilə Azərbaycanda həyata keçirilmiş “hakimiyyətə arxa qapıdan gəlmək” taktikasını tətbiq etmək istəyirlər. Bütün bunların hamısı xoşagəlməz proseslərin formalaşmasına rəvac verir. Onların siyasi proseslərdə normal dəyərlər əsasında iştirak etmək əvəzinə, qarşıdan gələn bələdiyyə və parlament seçkilərində iştirakı seçkilərdən imtina üzərində qurduqlarını vurğulayan Ə.Əhmədov deyib: “Son zamanlar müşahidə edilən məqam odur ki, bu müxalifət Azərbaycanın reallığının üzərinə kölgə salmaqla Ermənistanı təbliğ edir. Məqsəd isə dövlətimizin beynəlxalq imicinə zərbə vurmaqdır. Bu da cəmiyyətimizdə ikrah doğurur. Bu müxaliflərin xarici ölkələrin xüsusi xidmət orqanlarının təsiri altına düşməsi istisna deyil ki, bu da təhlükəli haldır. Azərbaycan cəmiyyəti onların davranışlarını, fəaliyyətlərini qəti şəkildə pisləyir.
Müşavirədə daha sonra qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq məsələləri ilə bağlı partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Daxili siyasət 2019-09-07 14:18:00