Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İri dövlət şirkətlərinin vahid məlumat bazası yaradılır

Bakı, 7 sentyabr, AZƏRTAC

İri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılır.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə Qərar qəbul edib. Qərara əsasən, “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları” təsdiq olunub. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Maliyyə Nazirliyi və digər aidiyyəti olanlarla razılaşdırmaqla “İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sisteminin fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə tələb olunan maliyyə vəsaiti ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sisteminin “Elektron Hökumət” İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı zəruri tədbirlər görəcək.
İnformasiya sistemi aşağıdakıları təmin edir:
• iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığın artırılmasına və səmərəliliyin yüksəldilməsinə nail olunmasını;
• iri dövlət şirkətlərinə dair maliyyə, kadr uçotu və daşınmaz əmlak üzrə məlumatların vahid bazada birləşdirilməsini;
• iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin müqayisəli təhlil edilməsini;
• informasiya sisteminin istifadəçiləri tərəfindən iri dövlət şirkətlərinə dair müvafiq məlumatların real vaxt rejimində əldə edilməsini.
Sistemin operatoru Əmlak Məsələləri Dövlət Komitəsidir. İnformasiya sistemi üzrə xidmətlər ƏMDK-nın rəsmi internet 3 səhifəsində dövlət xidmətləri bölməsi, eləcə də “Elektron hökumət” portalı vasitəsilə göstərilir. İnformasiya sistemi Azərbaycan Respublikasının mülkiyyətidir.
İnformasiya sisteminin iştirakçıları aşağıdakılardır:
• bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq, informasiya sisteminə öz informasiya sistemi və ehtiyatlarından müvafiq məlumatları ötürən dövlət qurumları;
• bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq, informasiya sisteminə müvafiq məlumatları daxil edən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 dekabr tarixli Sərəncamının 2 nömrəli əlavəsi ilə siyahısı təsdiq edilmiş iri dövlət şirkətləri.
İnformasiya sisteminin istifadəçiləri bu Qaydaların 3.1-ci bəndində qeyd edilən informasiya sisteminin müvafiq altsistemləri üzrə informasiya sisteminin iştirakçıları tərəfindən qeydə alınmış məlumatlardan “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadə etmək hüququ olan aşağıdakı dövlət orqanlarıdır:
• maliyyə və mühasibat uçotu göstəriciləri üzrə məlumatları özündə əks etdirən altsistem üzrə: İqtisadiyyat, Maliyyə və Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Statistika Komitəsi;
• kadr uçotu üzrə məlumatları özündə əks etdirən altsistem üzrə: Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Maliyyə nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Statistika Komitəsi;
• daşınmaz əmlaka dair məlumatları özündə əks etdirən altsistem üzrə: İqtisadiyyat və Maliyyə nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Statistika Komitəsi.
İnformasiya sisteminin istifadəçiləri bu Qaydaların 1.7-ci bəndinə uyğun olaraq, sistemin iştirakçıları tərəfindən qeydə alınmış məlumatlardan ödənişsiz istifadə edirlər. Sistemin saxlanılması, fəaliyyəti və inkişafı ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti və normativ hüquqi aktlarla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. İnformasiya sistemində əks etdirilən məlumat və hesabatların formaları Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla müəyyən olunur və zərurət yarandıqda, həmin məlumat və hesabatların formalarına yenidən baxılır.
İştirakçılar tərəfindən bu Qaydaların 3.1.3-cü yarımbəndinə uyğun olaraq, daşınmaz əmlaka dair altsistemində göstərilən məlumatlar yarımillik olmaqla hesabat dövrü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq informasiya sisteminə daxil edilməlidir. İştirakçılar və istifadəçilər onların adından informasiya sistemində aparılan bütün əməliyyatlara görə qanuna müvafiq olaraq məsuliyyət daşıyırlar. İştirakçının və istifadəçinin, habelə onları təmsil edən səlahiyyətli şəxslərin məlumatlarında hər hansı dəyişiklik olduqda (iş yeri, əlaqə vasitələri barədə məlumatlar, vəzifə və funksiyası dəyişdikdə, əmək müqaviləsinə xitam verildikdə və sair) bu barədə operatora dərhal məlumat verilməlidir.

İKT 2019-09-07 11:41:00