×
A
A
A
Sazlamalar

Özbəkistanda Azərbaycan ədəbiyyatının yaxın dostu Babaxan Şərifin 70 illik yubileyi qeyd olunub

Daşkənd, 7 sentyabr, AZƏRTAC

Özbəkistan Yazıçılar İttifaqında görkəmli özbək ədəbiyyatşünas alimi, ictimai xadim, Azərbaycan ədəbiyyatının yaxın dostu, bir çox əsərlərimizi özbək dilinə tərcümə edən Babaxan Şərifin 70 illik yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistanın tanınmış yazıçıları, alimləri, söz adamları xarici qonaqlar, ictimaiyyətin nümayəndələri və gənclər iştirak edib.
Özbəkistan Yazıçılar İttifaqının sədri, Xalq şairi Siracəddin Səid yubilyarı təbrik edib, onun özbək ədəbiyyatının tədqiqi və təbliğindəki xidmətləri haqqında məlumat verib. Tərcüməçilik fəaliyyətinin ədəbiyyat üçün xüsusi önəmini qeyd edən Siracəddin Səid Babaxan Şərifin qardaş xalqların ədəbiyyatından çoxsaylı əsərləri özbək dilinə tərcümə etdiyini deyib. Sonra o, yubilyarı rəhbərlik etdiyi ittifaqının fəxri diplomu ilə təltif edib.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Babaxan Şərifin Azərbaycan ədəbiyyatından da özbək dilinə çoxsaylı əsərləri tərcümə etdiyini bildirib. Onun yaradıcılığına Özbəkistanla yanaşı, Azərbaycanda da böyük diqqət və sevgi ilə yanaşıldığını vurğulayıb. S.Abbasov çoxsaylı tərcümə əsərləri, elmi məruzələri ilə Babaxan Şərifin ədəbiyyatımızı zənginləşdirdiyini qeyd edib.
Samir Abbasov Azərbaycan-Özbəkistan ədəbi əlaqələrin genişləndirilməsi, böyük tərcüməçilik fəaliyyəti ilə əlaqədar Babaxan Şərifə ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplomunu təqdim edib.
Digər çıxışçılar Yazıçılar Birliyinin gənclərlə iş şöbəsinin müdiri Nodir Conuzok, filologiya elmləri namizədi Athambek Alimbayev, Özbəkistanın Xalq şairi Usman Əzim Babaxan Şərifin yaradıcılığından, özbək ədəbiyyatının xaricdə təbliğindən və onun uğurları haqqında ətraflı çıxış ediblər.
Akademik Naim Kərimov çıxışında Babaxan Şərifin əsərlərini xüsusi qeyd edərək onun dostluq və ədəbi əlaqələrin möhkəmləndirilməsi, genişləndirilməsi yolunda fəaliyyətini xüsusi vurğulayıb.
Sonda yubilyar ona göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib, gələcək fəaliyyəti, yaradıcılıq planları haqqında danışıb, qarşılaşdığı maraqlı hadisələr barədə fikirlərini bölüşüb.
Qeyd edək ki, AMM-nin layihəsi çərçivəsində Babaxan Şərif Azərbaycan ədəbiyyatına dair çoxsaylı əsərləri özbək dilində Daşkənddə nəşr etdirib. “XX əsr Azərbaycan ədəbiyyatı antologiyası”, Anarın “Göz muncuğu”, Elmira Axundovanın “Heydər Əliyev: şəxsiyyət və zaman”, Əli Həsənovun “Geosiyasət”, Oleq Kuznetsovun “Qarabağ münaqişəsinin mifləri haqqında həqiqət”, “Azərbaycan-özbək, özbək – Azərbaycan danışıq kitabçası”, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğəti” və digər nəşrlər bu qəbildəndir.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Mədəniyyət 2019-09-07 03:24:00