×
A
A
A
Sazlamalar

Bakıda “Qız Qalası. Qadın olmaq” müasir incəsənət festivalı keçiriləcək

Bakı, 6 sentyabr, AZƏRTAC

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Avropa Birliyinə üzv dövlətlərin səfirlikləri və yerli tərəfdaşları ilə birlikdə sentyabrın 17-dən 27-dək Bakı şəhəri və regionlarda "Qız Qalası. Qadın olmaq” (“MAIDEN TOWER. To Be a Woman") müasir incəsənət festivalı təşkil edir.
Nümayəndəlikdən AZƏRTAC-a bildirilib ki, festivalın mövzusu Azərbaycan qadınlarının azadlığının 100 illiyi ilə əlaqəlidir, ölkəmizdə, eləcə də bütün dünyada qadınların rolunun gücləndirilməsi məsələlərini özündə əks etdirir. Layihə proqrama müxtəlif səpkidə müasir incəsənət kontekstində beynəlxalq sərgi, pablik art, video art, poeziya gecəsi, tematik film nümayişləri, vorkşoplar daxildir.
Festivalın iştirakçıları Avstriya, Almaniya, Hollandiya, İsveç, İsveçrə, Macarıstan kimi AB-yə üzv ölkələri, eyni zamanda Gürcüstan Moldova, Ukrayna kimi Şərq tərəfdaşlığı üzv ölkələri və İran, İsrail, Türkiyə kimi qeyri-üzv ölkələrdən sənət xadimləri, mədəniyyət aktivistləri, muzey direktorları, kurator və rəssamlardır.
Festivalın beynəlxalq və yerli iştirakçıları, dövlət strukturları və institutlar gender bərabərliyi mövzusunda öz şəxsi və professional təcrübələrinə əsaslanaraq müzakirələr və fikir mübadiləsi aparacaqlar.
"Qız Qalası. Qadın olmaq”ın təşkilatçı və iştirakçılarının ortaq məqsədi müasir incəsənət prizmasından gender bərabərliyi məsələlərinin inkişafına dair fikir və düşüncələrini əks etdirir, eləcə də dünya ictimaiyyətində qadınların güclənməsinin vacibliyi və bu mövzunun ən aktual suallarına cavab vermək məqsədi daşıyır.
Bu festival layihəsi Azərbaycanın Əməkdar rəssamı Sabina Şıxlinskayanın ilkin təşəbbüs və kuratorluğu altında keçirilir. “Qız Qalası. Qadın Olmaq” beynəlxalq müasir incəsənət festivalı Bakıda yerləşən diplomatik nümayəndəliklərdən başqa, Azərbaycanın sənət və mədəniyyət aləminin ən əsas institut və dövlət strukturları, eləcə də digər təşkilatların birgə tərəfdaşlığı altında baş tutur. Bütün mədəni tədbirlər yerli əhali və xarici qonaqlar üçün açıq olacaqdır.
Bu festival “İMAGINE-Avro Tolerantlıq" Festivalı və "FANTAZİYA" Mədəni irs Festivalından sonra ölkəmizdəki Avropa Birliyi nümayəndəliyi tərəfindən maliyyələşdirilən və Avropa dəyərlərini və prinsiplərini təbliğ edən üçüncü böyük festivaldır. Avropa Birliyinin sponsorluğu ilə növbəti "FANTAZİYA" festivalı noyabrın 1-dən 15-dək keçiriləcək.
Qeyd edək ki, XX əsrin əvvəllərində mühüm tarixi və siyasi hadisələrin fonunda Azərbaycanda qadın azadlıq hərəkatının ilk addımları atılmağa başlanmış və 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının qurulması ilə ölkəmiz bir çox Avropa dövlətlərini belə qabaqlayaraq qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkə olmuşdur.

Mədəniyyət 2019-09-06 16:16:00