×
A
A
A
Sazlamalar

Cəlilabadda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib

Bakı, 6 sentyabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, dindarlar, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mansur Məmmədov mövzunun əhəmiyyətindən danışıb. Mansur Məmmədov Cəlilabaddakı dini durum barədə də məlumat verib və bildirib ki, rayon ərazisində dini durum sabitdir.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında milli-mənəvi, dini dəyərlərin cəmiyyətdə təbliğinin hansı əsaslar üzrə aparılması, son illərdə dövlətin geniş vüsət almış din siyasətinin müxtəlif vasitələrlə ictimaiyyətə çatdırılması yolları, dövlətçiliyin və milli-mənəvi irsin qoruması, eləcə də təbliğ edilməsi, eyni zamanda, dini maarifləndirmə işinin təşkili və aparılması sahəsində əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələrə toxunub.
Onun sözlərinə görə, son dövrlərdə baş verən hadisələr göstərir ki, dini radikalizm aktuallığını itirməyib, əksinə, qlobal təhlükəli bəlaya çevrilib. Bu baxımdan onun qarşısını almaq, təhlükənin azalmasına nail olmaq və inkişaf etməsi üçün şəraitin yaranmasına imkan verməmək hər bir ölkənin milli təhlükəsizliyinin təmin olunması baxımından mütləqdir. Bu baxımdan dini radikalizmlə mübarizədə ən mühüm vasitə maarifləndirmə hesab edilir. Sözügedən prosesdə zəngin biliklərə malik din xadimlərinin də üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edən Komitə rəsmisi vurğulayıb ki, bu şəxslərin mövqeyi, həm də fikirləri doğru və mənalı olmalıdır. Bəşəriyyətin və cəmiyyətin maraqları nəzərə alınmalıdır ki, dindar insanlar yanlış yola yönəlməsinlər, dini ayrı-seçkiliyə, ədavətə yol verməsinlər. Onun sözlərinə görə nüfuzlu din xadimləri dinlər və mədəniyyətlərarası münasibətlərə həssas yanaşmalı, bu sahədə atdıqları addımların cəmiyyətin təhlükəsizliyi baxımından nə qədər böyük əhəmiyyət kəsb etdiyinin fərqinə varmalıdırlar. Onlara etibar olunan minbərin saxta ruhani kimliyinə malik şəxslərin əlinə keçməsinə imkan verməməlidirlər.
“Minbər tribunadır, onun ölkəmizin mənafeyini öz mənfəətlərinə qurban verməyə hazır olan, din pərdəsi adı altında gizlənən şəxslərin əlində alətə çevrilməsi yolverilməzdir. Çünki dinin siyasiləşməsi indiyədək heç bir cəmiyyətə xoşbəxtlik gətirməyib”,- deyə sədrin birinci müavini sözlərinə əlavə edib.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Elnarə Həsənova, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Tural Vəlizadə, Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, QMİ-nin Cəlilabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Mahmud Əsgərov və başqaları çıxışlarında ümummilli lider Heydər Əliyevin dinə göstərdiyi qayğıdan bəhs edərək bu uzaqgörən siyasəti bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıblar. Qeyd ediblər ki, ölkəmizdə dini konfessiyalara fərq qoyulmadan dini ibadətgahların təmir və bərpa olunması tolerantlığın dövlət siyasətinə çevrilməsinin bariz göstəricisidir.
Tədbirdə zərərli dini cərəyanların əsas fəaliyyət metodlarına da toxunulub. DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filminin də nümayiş olunduğu ikigünlük seminar-müşavirə müzakirələrlə başa çatıb.

Din 2019-09-06 13:42:00