×
A
A
A
Sazlamalar

Aqrar Xidmətlər Agentliyinin baytar mütəxəssisləri Şəmkir, Tovuz və Ucarda fermerlərə təlim keçib

Bakı, 6 sentyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri tərəfindən Şəmkir, Tovuz və Ucarda fermerlərə təlimlər təşkil olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Şəmkir və Tovuzda qoyunçuluqla məşğul olan bir qrup fermer üçün “Xırdabuynuzlu heyvanların çiçək xəstəliynin profilaktikası və mübarizə tədbirləri” mövzusunda, Ucarda isə Məhəmməd Yusifova məxsus quşçuluq təsərrüfatında “Quşlarda çiçək və nyukasl xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda paktiki təlim keçirilib.
Aqrar Xidmətlər Agentliyinin Şəmkir Rayon Baytarlıq İdarəsinin rəisi Məhəmməd Qasımovun rəhbərliyi ilə baş tutan təlimdə xırdabuynuzlu heyvanlarının çiçək xəstəliyinin kliniki əlamətləri, təsərrüfata verdiyi ziyanlar, xəstəlik əleyhinə aparılan profilaktika və müalicə tədbirləri haqqında ətraflı məlumat verilib.
Tovuzda 21 nəfərin iştiraki ilə keçirilən təlimdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Tovuz Rayon Baytarlıq İdarəsinin rəisi Zülfüqar Kərimov xırdabuynuzlu heyvanlar arasında baş verən xüsusi təhlükəli xəstəliklər barədə danışılıb. Bildirilib ki, xırdabuynuzlu heyvanlara ən çox zərər verən infeksion xəstəliklərdən biri də çiçək xəstəliyidir. Bu xəstəliyin ümumi müddəti 3-4 həftə çəkir və çox vaxt sağalma ilə nəticələnir. Əgər çiçək ana qoyunlarda boğazlıq dövründə baş verərsə, balasalma baş verə bilər.
Təlimdə fermerlərə xırdabuynuzlu heyvan saxlanılan təsərrüfatda yoluxucu xəstəliklərin baş verməməsi üçün dövlət tərəfindən verilən peyvəndlərin vurulmasından yayınmaması, təsərrüfatda tez-tez dezinfeksiya işlərinin aparılması və xəstəlik halları baş verərsə, mütəmadi olaraq baytarlıq idarəsi ilə əlaqə saxlamaları tövsiyə edilib.
Tədbirdə, həmçinin çiçək xəstəliyi barədə ətraflı danışılıb. Xəstəliyin yoluxma və xəstəlikdən qorunma yolları haqqında təlim iştirakçılarına məlumat verilib. Xəstəlikdən qorunmağın ən etibarlı yolunun vaksinasiya olduğu bir daha vurğulanıb. Həmçinin qeyd edilib ki, cari ildə Tovuz rayonunda 229988 baş xırdabuynuzlu heyvanda çiçək xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Ucarda 9 fermerin iştirakı ilə baş tutan təlimdə quşlar arasında baş verən çiçək və nyukasl xəstəlikləri barədə ətraflı məlumat verib. Bildirilib ki, quşçuluğa ən çox zərər verən infeksion xəstəliklərdən biri də nyukasl və çiçək xəstəlikləridir. Nyukasl və çiçək xəstəlikləri quşlar arasında kütləvi ölümə səbəb olur. Bu xəstəlikdən ev quşlarını qorumağın ən etibarlı yolu vaxtında peyvəndləmə aparılmasıdır. Belə ki, 1-2 həftəlik cücələr “La-sota”, 2 aylıqdan yuxarı olan quşlar isə “H” vaksini ilə peyvənd olunmalıdır. Həmçinin qeyd edilib ki, cari ilin 8 ayı ərzində Ucar rayonunda baş 734367 cücədə “La-sota”, 663363 baş quşda isə “H” vaksini ilə nyukasl xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Fermerlərə quşların nyukasl və çiçək xəstəlikləri, xəstəliklərin başvermə səbəbləri, iqtisadi zərəri, xəstəliklərə qarşı aparılan peyvəndləmə və digər baytarlıq tədbirləri barədə ətraflı məlumatlar verilib, xəstəliklərin profilaktikasında istifadə olunan vaksinlərin və başqa vasitələrin dövlət vəsaiti hesabına alındığı, təsərrüfatlarda saxlanılan quşlara təmənnasız tətbiq olunduğu bildirilib.
Təlimlərin sonunda fermerləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.

 

Kənd təsərrüfatı 2019-09-06 12:19:00