×
A
A
A
Sazlamalar

Astara polisi 5 kiloqrama yaxın narkotik vasitəni və psixotrop maddəni qanunsuz dövriyyədən çıxarıb

Astara, 6 sentyabr, AZƏRTAC 

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində 5 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Məçitməhəllə kənd sakini Ağakərim Talıbov 100 qram heroini satarkən cinayət başında saxlanılıb. Davam edən əməliyyat tədbirləri ilə A.Talıbovun satış məqsədilə əldə edərək yaşadığı evdə saxladığı 2 kiloqram 510 qram heroin, 1 kiloqram 015 qram psixotrop maddə olan metamfetamin, 1 kiloqram qurudulmuş marixuana, 200 ədəd metadon həbi, həmçinin soyuq silah hesab edilən 1 ədəd “beşbarmaq”, 1 bıçaq, 46 ədəd güllə başlığı və digər maddi sübutlar aşkarlanaraq götürülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Talıbovla birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində əlaqəli olan qrupun digər üzvləri Astara şəhər sakinləri A.Şiriyev və T.Məlikov şübhəli şəxs qismində saxlanılıblar.
Faktla bağlı Astara Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Hadisə 2019-09-06 12:11:00