×
A
A
A
Sazlamalar

Günəş olaram mən də...

Bakı, 6 sentyabr, AZƏRTAC

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında 21 avqust - 21 sentyabr “Beynəlxalq sülh aylığı” çərçivəsində “Günəş olaram mən də” adlı tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə uşaqlara “Beynəlxalq sülh aylığı” haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, 21 sentyabr Beynəlxalq Sülh Günüdür. BMT-nin 1981-ci ildə təsis etdiyi bu tarixi gün dünya atəşkəsliyi kimi elan edilib. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin və hər cür zorakılığın dayandırılması arzusu bütün tarixi boyu bəşəriyyəti düşündürüb. Hazırda dünyanın bir çox ölkələrində müharibə davam edir. Sülh mövzusu torpaqların 20 faizı işğal altında olan Azərbaycan uşaqları üçün də böyük əhəmiyyət kəsb edir.
Tədbirdə uşaqlar Günəşin maketini düzəldib, öz əlləri ilə onun işığını bütün dünya uşaqlarına göndəriblər. Sonra isə hər bir uşaq öz arzu və istəyini bildirib: “həmişə sülh içində yaşayaq”, “səmamız aydın və təmiz olsun”, “dünyanın bütün xalqları əmin-amanlıq şəraitində yaşasınlar”, “analarımız sevinsinlər”, “müharibə olmasın”.
Uşaqların arzu və istəkləri sosial şəbəkələrdə izləyicilər tərəfindən maraqla qarşılanıb.
Tədbir nağıl otağında “Günəşin nağılı”nın izlənməsi ilə davam edib.

 

Mədəniyyət 2019-09-06 10:17:00