×
A
A
A
Sazlamalar

“Azərbaycanda vicdan və dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib

Bakı, 5 sentyabr, AZƏRTAC

Sentyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Quba regional mərkəzi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayondakı Mədəniyyət Mərkəzində “Azərbaycanda vicdan və dini etiqad azadlığı” adlı tədbir keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Quba Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxış edərək deyib ki, “Sülh aylığı” çərçivəsində rayonda hər il olduğu kimi, bu il də Tədbirlər Planı hazırlanıb və plana uyğun olaraq işlər görülür.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev qeyd edib ki, hər il avqust və sentyabr aylarında “Sülh aylığı” adı altında müxtəlif formatlı tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu baxımdan öz profilinə uyğun şəkildə maarifləndirmə işi aparır. O, “Dini etiqad azadlığı haqqında” Qanun barədə danışaraq bildirib ki, təsbit olunan müddəalar insanların rahat şəkildə dini və mənəvi ehtiyaclarını ödəməyə hesablanıb.
İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev çıxışında “Sülh aylığı”nın keçirilməsinin əsas hədəflərini və məqsədlərini izah edib. O qeyd edib ki, hazırda dünyada baş verən proseslər sülh haqqında təbliğatın daha da gücləndirilməsinə zərurət yaradır.
Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin əməkdaşı Qəmbər Abdullayev Azərbaycan Respublikasının Konstitusiyasında vicdan azadlığına verilən dəyərdən danışıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Din 2019-09-05 20:32:00